"Azadlıq" bloku sentyabrın 25-ə planlaşdırdığı mitinqi 28 may metrosunun qarşısında meydanda keçirəcək. Trend in məlumatına görə, bu barədə media nümayəndələrinə "Azadlıq" blokunun həmtəsisçisi, Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu məlumat verib.
Qeyd edək ki, sentyabrın 21-də "Azadlıq" bloku liderlərinin iclası keçirilib. Toplantıda müzakirə olunan məsələlər barədə məlumat verən Sərdar Cəlaloğlu bildirib ki, əsasən ölkədəki seçkiöncəsi vəziyyət, seçki günü "exit-poll"ların keçirilməsi, "Azadlıq" blokunun 25 sentyabr mitinqi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
S.Cəlaloğlu bildirib ki, "Azadlıq" blokunun növbəti aksiyanın yeri ilə bağlı 5 ünvan təklifinə Bakı şəhər İcra Hakimiyyətindən indiyədək cavab verilməyib. Onun sözlərinə görə, Bakı Şəhər İcra Haikimiyyəti "Azadlıq" blokunun təmsilçiləri ilə ünsiyyətdən imtina edir. Şəhər rəhbərliyi 25 sentyabr aksiyasının yeri ilə əlaqədar danışıqlar aparmaq istəyən ATƏT-in nümayəndələri ilə isə yalnız sentyabrın 29-dan sonra görüşə biləcəyini deyib.
ADP funksionerinin sözlərinə görə, əgər Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun təklif etdiyi meydanlardan heç birinə razılıq verməsə, sentyabrın 25-də saat 16.00-dan 18.00-dək "28 may" metrosunun qarşısında mitinq keçiriləcək.
Əksinə, təklif olunan yerlərdən hansına razılıq verilsə, mitinq həmin meydana keçiriləcək. Aksiya əgər "28 may" metrosunun qarşısında keçirilsə, mitinqdən qabaq həmin meydana 3 istiqamətdə yürüş təşkil ediləcək.
Aksiya iştirakçılarının əllərində qərənfillər olacaq. S.Cəlaloğlunun sözlərinə görə, bu yürüş-mitinq tamamilə müqavimətsiz aksiya olacaq.
ADP funksioneri onu da deyib ki, "Azadlıq" blokunun təklif etdiyi şəhərin mərkəzi meydanlarının onlara əhalinin, nəqliyyatın, gediş-gəlişin sıx olması səbəbindən verilməməsi əsassızdır.
Çünki bütün dünya dövlətlərində iri şəhərlərin mərkəzi küçələrində, meydanlarında kütləvi aksiyalar keçirilir, siyasi qüvvələrin öz fikirlərini, təklif və konsepsiyalarını geniş kütləyə çatdırmaq üçün məhz mərkəzi yerlərdə toplaşmaq lazım gəlir.
S.Cəlaloğlu deyib ki, Bakı Şəhər İcra Hakimiyyəti təklif etsə, "Qələbə" meydanında aksiya keçirmək müzakirəyə belə olunmayacaq.
"Azadlıq" blokunun liderləri həmçinin seçki günü ayrı-ayrı xarici təşkilatlar tərəfindən keçiriləcək "exit poll"lardan da narahat və narazıdırlar.
Onlar hesab edirlər ki, bu "e xit-poll"çuların kimliyi, hansı qüvvələri, təşkilatları təmsil etdiyini, kimin maraqlarına xidmət göstərdiyi, maliyyə mənbələri və digər məsələlər bəlli olmadığından onların fəaliyyəti indidən şübhə yaradır.