...

Səməd Seyidov: "Azərbaycanda keçirilmiş parlament seçkilərinin nəticələri AŞPA-nın yay sessiyasında müzakirə olunacaq"

Siyasət Materials 29 Dekabr 2005 16:06 (UTC +04:00)

"Azərbaycanda keçirilmiş parlament seçkilərinin nəticələri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2006-cı ilin iyun ayında keçiriləcək yay sessiyasında müzakirə olunacaq". Trend xəbər verir ki, bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov bildirib.

O vurğulayıb ki, buna səbəb AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkelin Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı hesabatlarının hazır olmadığı və əlavə seçkilərin keçiriləcəyi ilə bağlıdır: "Seçkilərlə bağlı yalnız Leo Platfoyetin hesabatı hazırdır. Ancaq ola bilər ki, bu məsələ qurumun ayrı-ayrı komitələrində gündəmə çıxarılsın".

Millət vəkili onu da qeyd edib ki, qurumun qış sessiyasında Azərbaycanla bağlı heç bir məsələ müzakirə olunmayacaq: "Ancaq nümayəndə heyətimiz qurumun qış sessiyasında Dağlıq Qarabağ problemini gündəmə gətirəcək. Onu da qeyd edim ki, Dağlıq Qarabağla bağlı alt komitənin sədri lord Rassel Conson öz hesabatını hazırlayır və qurumun həm bürosuna, həm də Parlament Assambleyasına təqdim edəcək", - deyə S.Seyidov bildirib.

Xəbər lenti

Xəbər lenti