...

Azərbaycanın XİN başçısı Ukrayna milli təhlükəsizlik və müdafiə Şurasının katibini qəbul edib

Siyasət Materials 2 Fevral 2006 20:07 (UTC +04:00)

Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov Ukrayna milli təhlükəsizlik və müdafiə Şurasının katibi Anatoli Kinaxı qəbul edib. AR XİN-in mətbuat mərkəzində Trend ə bildirilib ki, görüşdə ikitərəfli, regional və beynəlxalq əməkdaşlığa dair bir sıra məsələlər müzakirə edilib.

Azərbaycanın xarici işlər naziri ikitərəfli münasibətlərin inkişaf dinamikasından məmnunluğunu bildirib. GUAM-ın perspektivlərinə toxunan E.Məmmədyarov təşkilatın beynəlxalq status almasında Azərbaycanın maraqlı olduğunu bildirib, habelə təşkilat çərçivəsində terrorizm, mütəşəkkil cinayətkarlıq, narkobizneslə mübarizədə səylərin artırılmasının bu sahədəki əməkdaşlıq prosesinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.

Nazir həm də Ukrayna ilə qeyri-neft sektoru, xüsusilə kənd təsərrüfatı, humanitar və mədəni sahələrdə əməkdaşlığın inkişafı üçün böyük imkanların olduğunu qeyd edib.

Öz növbəsində A.Kinax ikitərəfli münasibətlərdə irəliləyişin olduğunu qeyd edərək bu siyasətin davam etdirilməsinə tərəfdar olduğunu təsdiq edib. A.Kinax həm də GUAM çərçivəsində energetika təhlükəsizliyi ilə bağlı əməkdaşlığın zəruri olduğunu vurğulayıb.

Tərəflər həmçinin Ermənistan-Azərbğaycan münaqişəsi məsələlərini nəzərdən keçirib. Ukrayna milli təhlükəsizlik və müdafiə Şurasının katibi öz ölkəsinin beynəlxalq norma və prinsiplər, eləcə də Azərbaycanın ərazi bütövlüyü əsasında münaqişənin sülh yolu ilə nizama salınmasına tərəfdar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti