Bu il martın 16-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının II Qurultayının qərarları icra olunur. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib. O bildirib ki, qurultayda qəbul olunmuş sənədlər, müraciətlər tərcümə edilərək beynəlxalq təşkilatlara göndərilib.
"Qurultayda qəbul olunmuş qərarların icrasına, qarşıya qoyulan tövsiyələrin yerinə yetirilməsinə başlanılıb. Bu yaxınlarda Antalyada keçirilən silsilə tədbirlər də qurultayın bizim qarşımıza qoyduğu vəzifələrdən biri idi. Çünki uzun müddətdir deyirdik ki, diaspor işində ziyalıların iştirakı çox zəifdir. Bu boşluğu aradan qaldırmaq, ziyalıları Azərbaycan diasporunun fəaliyyətinə cəlb etmək üçün Dünya Azərbaycanlıları Ziyalılarının Forumu təşkil olundu. Tədbirlər zamanı müxtəlif ölkələrdə yaşayan azərbaycanlı ziyalılar diaspor işində fəal iştirak edəcəklərinə söz veriblər"-deyə N.İbrahimov qeyd edib.
Onun sözlərinə görə, Dövlət Komitəsi başqa ölkələrdə də belə tədbirlər keçirməyi planlaşdırır. Komitə sədri əlavə edib ki, yaxın vaxtlarda Amerika Azərbaycan Assosiasiyaları Assambleyası yaradılacaq. Assambleyanın mərkəzi qərargahı ABŞ-ın paytaxtı Vaşinqtonda olacaq: "Mən ümid edirəm ki, bu təşkilat tez bir zamanda Amerikada özünə layiqli yer tutacaq. Uzun müddətdir bu ideya var idi və bütün səviyyələrdə dəstəklənirdi. Assambleya yaxın zamanlarda təsis olunacaq və artıq bunun üçün Təşkilat Komitəsi yaradılıb".
Komitsə sədrinin sözlərinə görə, Azərbaycan icmalarının, diaspor təşkilatlarının vahid mərkəzdə birləşdirilməsi prosesi davam etdiriləcək və ayrı-ayrı ölkələrdə də bu tipli müxtəlif birliklər təsis olunacaq: "Bir il əvvəl Amerika Azərbaycan Assosiasiyaları Assambleyası barəsində söhbət belə getmirdi, amma bu gün artıq onun yaradılması reallaşır. Bundan əvvəl Avropa Azərbaycanlıları Konqresi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası yaradılıb, fəaliyyəti gücləndirilir. Bu proses davam etdiriləcək. Amma belə ideyalar həmin diasporların özündən gəlməlidir. Çünki bu işi onlar aparacaqlar. Dünya Azərbaycanlılarının II Qurultayında prezident İlham Əliyevin diaspor nümayəndələrinə müraciətlə etdiyi çıxışından sonra dünyada yaşayan azərbaycanlılarda ruh yüksəkliyi, diaspor quruculuğu işinə həvəs yaranıb. Bundan sonra diasporumuzun təşkilatlanma işi daha da sürətlənəcək".