...

Azərbaycan nümayəndə heyəti AŞPA-da 50-dən artıq sənəd hazırlayıb

Siyasət Materials 14 İyul 2006 16:30 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycanın nümayəndə heyəti 50-dən çox sənəd hazırlayıb. Bu barədə Trend ə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, professor Rəfael Hüseynov bildirib.

R.Hüseynov onu da qeyd edib ki, bu sənədlərin 45-i onun tərəfindən hazırlanıb: "Onların bir neçəsi Ümumavropa problemlərinə həsr olunub. Avropa Şurasının inkişaf edən bir quruma çevrilməsinə, Avropanın demokratik islahatları məsələsinə həsr olunub. Ancaq sənədlərin böyük hissəsi Ermənistanın Azərbaycana qarşı apardığı siyasətin ən müxtəlif aspektləri üzərində hazırlanıb".

Millət vəkili bildirib ki, Ermənistanın Azərbaycanın kənd təsərrüfatına vurduğu ziyan, ekologiyaya təcavüzü, mədəniyyət abidələrimizin dağıdılmasına, işğal olunan Azərbaycan ərazilərində təhsil ocaqlarının dağıdılması nəticəsində insanların təhsildən ayrı düşməsi, nüvə qəbristanlıqlarının salınması, meşələrin yandırılması, yer adlarımızın təhrif olunması məsələləri ilə bağlı nümayəndə heyətimiz tərəfindən sənədlər hazırlanıb.

R.Hüseynov onu da əlavə edib ki, Ermənistanın Azərbaycan qarşı təcavüzü sadə bir problem deyil, bu kompleks problemdir: "Ermənistan Azərbaycan xalqını məhv etməyə yönələn siyasəti aparır. Bu siyasətin isə çoxlu istiqəməti var ki, hər istiqamətin ifşası ilə bağlı bir sənəd hazırlamışıq". Millət vəkili onu da bildirib ki, Azərbaycan nümayəndə heyəti tərəfindən hazırlanan sənədlərə Avropa Şurasının 40-dan artıq üzv dövlətinin 300 deputatı imza atıb: "Bu da o deməkdir ki, bu məsələdə Avropa Şurası Azərbaycanla həmrəydir. Bunun nəticəsidir ki, 2005-ci il yanvarın 25-də qəbul olunan 1416 saylı qətnamənin birinci bəndində Ermənistan işğalçı dövlət, Dağlıq Qarabağ isə separatçı rejim kimi göstərilib".

Xəbər lenti

Xəbər lenti