...

Abdulla Gül : Türkiyə enerji marşrutlarının kəsişdiyi nöqtədir

Siyasət Materials 19 İyul 2006 15:38 (UTC +04:00)
Abdulla Gül : Türkiyə enerji marşrutlarının kəsişdiyi nöqtədir

Bakı-Tiflis-Ceyhan boru kəməri ilə təkcə Azərbaycan nefti nəql olunmayacaq, bu layihəyə Mərkəzi Asiya da qoşulub. "Biz gündə 1 mln barelədək neft nəql etməyə hazırlaşırıq. Bizim layihəmiz son dərəcə miqyaslıdır". Trend in xəbər verdiyi kimi, bu barədə Euronews telekanalına müsahibəsində Türkiyənin XİN başçısı Abdulla Gül bəyan edib.

Onun sözlərinə görə, indi qitələrin birləşdirilməsi rolunu təkcə İstanbul körpüsü deyil, yeni layihə də yerinə yetirir. "Buna görə də mən bu layihə haqqında strateji sənəd kimi danışıram. Bizim ölkəmiz enerji marşrutlarının kəsişdiyi nöqtədir", - deyə o bildirib.

Nazir qeyd edib ki, Avropa İttifaqı Türkiyənin neft marşrutları sayəsində daha da etibarlı olacaq. Onun enerji tələbatı daha sabit şəkildə təmin olunacaq. "Fikrimcə, bütün bunlar çox mühümdür", - deyə A.Gül bildirib.

Brüsselin Kipr məsələsi və Türkiyənin Aİ-yə daxil olması üzrə danışıqlar çərçivəsində söz azadlığı ilə bağlı vəziyyətlə əlaqədar bu ölkənin ünvanına söylədiyi tənqidi şərh edən A.Gül bildirib ki, Kipr məsələsi ayrıca bir məsələdir. "Ancaq biz Aİ-yə daxil olmaqla bağlı danışıqlara başlamışıq və bu danışıqlardan əvvəl yoxlamadan uğurla keçmişik. Biz 3 və ya 4 məsələ üzrə də razılığa gəlməliyik. Ancaq bütövlükdə proses yaxşı keçib. Biz öhdəliklərimizi bilirik və onları yerinə yetirməyə hazırlaşırıq. Türkiyədə iqtisadi və demokratik islahatlar davam etdiriləcək", - deyə nazir vurğulayıb.

Türkiyənin hansı təşkilata-Böyük səkkizliyə və ya Aİ-yə qoşulmağa üstünlük verəcəyi məsələsinə gəlincə, A Gül qeyd edib ki, bunlar iki tamamilə müxtəlif təşkilatlardır. "Biz artıq Aİ-yə daxil olmaqla bağlı danışıqlara başlamışıq. Buna görə də diqqətimizi elə bunun üzərində cəmləşdirəcəyik. Əminəm ki, biz çətinlikləri dəf edəcəyik. Biz öhdəliklərimizə çox məsuliyyətlə yanaşırıq və seçdiyimiz yolu davam etdirəcəyik", -deyə nazir sonda bildirib.

Xəbər lenti

Xəbər lenti