...

Leo Platvoyet: Cənubi Qafqazda əsir və itkin düşənlər üzrə məruzə 2007-ci ilin əvvəllərinə qədər hazır olacaq

Siyasət Materials 23 Avqust 2006 13:10 (UTC +04:00)
Leo Platvoyet: Cənubi Qafqazda əsir və itkin düşənlər üzrə məruzə 2007-ci ilin əvvəllərinə qədər hazır olacaq

Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Cənubi Qafqaz ölkələrində əsir və itkin düşənlər üzrə məruzəçisi Leo Platvoyet sentyabr ayında bölgəyə növbəti dəfə səfər etmək fikrindədir. Bu barədə Leo Platvoyet Trend ə verdiyi eksklüziv müsahibədə bildirib.

"Mən iyun ayında bölgəyə səfər etmişəm. Üç paytaxtda -Bakı, Yerevan və Tbilisidə oldum və siyasətçilər, dövlət komissiyaları, itkin düşənlərin ailələri, Beynəlxalq Qırmızı Xaç Komitəsi və s. ilə danışdım. Növbəti dəfə sentyabr ayında Abxaziya və Dağlıq Qarabağa gələcəyəm", - deyə L.Platvoyet bildirib və əlavə edib ki, səfərin marşrutu və proqramı hələ dəqiqləşdirilməyib.

Cənubi Qafqazda əsir və itkin düşənlərin axtarışında tərəflərin əməkdaşlığı haqqında məsələnin razılaşdırılıb-razılaşdırılmadığı haqqında suala məruzəçi belə cavab verib: "Hələ yəqin ki, tərəflər itkin düşənlərin axtarışında, onların ailələri vasitəsilə məlumatların yığılmasında, dəfn yerlərinin və meyitlərin müəyyənləşdirilməsində, ailələrə yardım göstərilməsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin mexanizmlərinin tətbiq edilmə zərurətini razılaşdırırlar. Ailələrin hüququ var ki, onlar əziz insanlarının harada olduğunu bilsin. Hökümət orqanları və siyasətçilər onların bu hüququnu yerinə yetirməlidirlər. Və onlar bunu bilir".

Dağlıq Qarabağ münaqişəsi zonasında itkin düşən təxminən 5 min azərbaycanlının taleyinin öyrənilməsində AŞPA-nın hansı yardımı göstərə biləcəyi barədə sualı şərh edərkən L.Platvoyt bildirib: "AŞPA indi necə kömək edirsə, eləcə də kömək edə bilər. O, Avropa Şurasının üzvü olan Azərbaycan və Ermənistanı əməkdaşlıq etməyə və diqqəti bu faciənin mühüm insan aspektinə yönəltməyə çağırır. Ailələr Dağlıq Qarabağ münaqişəsinin siyasi həllini gözləyə bilməz. Lakin münaqişə tez bir zamanda həll olunsaydı, yaxşı olardı, ancaq bu, hələ dəqiq deyil".

L.Platvoyet bildirib ki, Cənubi Qafqaz ölkələrində əsir və itkin düşənlərin vəziyyəti üzrə məruzəsini 2006-cı ilin sonunda- 2007-ci ilin əvvəlində tamamlamaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti