...

Elmar Məmmədyarov: Azərbaycan və Ermənistan XİN başçıları sentyabrın ortalarında Parisdə və ya Londonda görüşə bilərlər

Siyasət Materials 31 Avqust 2006 21:03 (UTC +04:00)
Elmar Məmmədyarov: Azərbaycan və Ermənistan XİN başçıları sentyabrın ortalarında Parisdə və ya Londonda görüşə bilərlər

Azərbaycan və Ermənistan XİN başçılarının Sloveniya görüşü ilə bağlı məlumat həqiqətə uyğun deyil. Trend in verdiyi xəbərə görə, bu barədə bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Bu, "Avropa qonşuluq siyasəti" proqramı ilə bağlı görüş olub və burada təkcə iki ölkənin nazirləri iştirak etməyiblər. Bundan başqa, bizim aramızda heç bir görüş olmayıb", - deyə Azərbaycan xarici siyasət idarəsinin rəhbəri bildirib.

Vardan Oskanyanla gözlənilən görüş barədə danışan E. Məmmədyarov bildirib ki, bu gün o, ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasye ilə müvafiq telefon danışıqları aparıb. "O, XİN başçılarının görüşünün ya sentyabrın 12-13-ü Parisdə, ya da ayın 14-15-də Londonda keçirilməsini təklif etdi. Mən bu görüşlərə öz razılığımı bildirdim. Hazırda görüşlərin yalnız formatı müzakirə olunur. Və bir müddət sonra biz yenidən onunla əlaqə saxlayıb, görüşün vaxtını və yerini dəqiqləşdirəcəyik", - deyə E. Məmmədyarov bildirib.

Azərbaycanın işğal olunmuş ərazilərində törədilən yanğınlarla bağlı ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin hesabatına toxunan nazir qeyd edib ki, adıçəkilən sənəd bir daha yanğın faktının mövcud olduğunu və separatçıların onu söndürmək gücündə olmadığını təsdiq edib.

"ATƏT təklif edir ki, yanğınların söndürülməsi ilə beynəlxalq təşkilatlar məşğul olsun. Bu, bizi qane edir. Mən müxtəlif təşkilatlara məktublar göndərmişəm və təklif etmişəm ki, biz birgə səylər nəticəsində yanğınların qarşısını alaq və torpaqların reabilitasiyası ilə məşğul olaq", - deyə nazir qeyd edib.

Beynəlxalq ekspertlərin Dağlıq Qarabağ ərazisinə gəlməsi məsələsi həmsədrlər, ATƏT və BMT sədrləri səviyyəsinldə müzakirə olunur.

"Məsələ təkcə yanğınların söndürülməsində deyil, torpaqların reabilitasiyasındadır. Bu yanğınlar böyük zərbədir və biz onların qarşısını almaq üçün Ermənistanla əməkdaşlıq etməyə hazırıq", - deyə E. Məmmədyarov qeyd edib.

Xəbər lenti

Xəbər lenti