...

Azərbaycan və Latviya prezidentləri birgə bəyannamə qəbul ediblər

Siyasət Materials 4 Oktyabr 2006 19:03 (UTC +04:00)

Oktyabrın 4-də Riqada Azərbaycan prezidenti İlham Əliyev və Latviya prezidenti Vayra Vike- Freyberqa birgə bəyannamə imzalayıblar. Bu barədə Trend ə Latviya prezidentinin mətbuat xidmətindən məlumat verilib.

Sənəddə tərəflər qeyd ediblər ki, 2005-ci ilin oktyabrında Latviya prezidentinin Azərbaycana səfəri və Azərbaycan prezidentinin Riqaya hazırki səfəri ölkələrimiz arasında münasibətlərin inkişafı üçün geniş hüquqi bazanın yaradılmasına yardım edəcək və ikitərəfli münasibətlərin yeni səviyyədə inkişafına təkan verəcək. Tərəflər, BMT Nizamnaməsinin prinsiplərini və ATƏT-in əsas sənədlərini tam dəstəkləyərək və riayət edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq prinsip və hüquq normaları, xüsusilə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü, tanınmış sərhədlərin sarsılmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğulayıblar. ATƏT, xüsusilə, Minsk qrupu çərçivəsində səylərin davam etdirildiyini xatırladan tərəflər bu məsələdə həlledici addımların qəbul olunmasının vacibliyini bir daha vurğulayıblar.

Dövlət başçıları BMT, ATƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əlverişli əməkdaşlığı davam etdirməyə hazır olduqlarını qeyd ediblər. Avropa Birliyinə yaxınlaşmaq üçün Avropanın Qonşuluq Siyasətinin müsbət təsirini məmnunluqla vurğulayan tərəflər bunun Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasında öz töhfəsini verəcəyini qeyd ediblər. Latviya AB-Azərbaycan fərdi tərəfdaşlıq üzrə Fəaliyyət Planını dəstəkləyib. Latviya prezidenti Azərbaycanda islahatların keçirilməsinin vacibliyi qeyd edərək, Azərbaycanın ÜTT-yə üzv olması məsələsində onu dəstəklədiyini açıqlayıb.

Latviya enerji sahəsində AB ilə Xəzər regionu arasında əlaqələrin gücləndirilməsinin zəruriliyini bildirib. Bu mənada tərəflər Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınmasının, eləcə də Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Axalkalaki-Qars dəmir yolu layihələrinin həyata keçirilməsinin beynəlxalq əhəmiyyətini vurğulayıblar. Tərəflər hər iki ölkənin tranzit potensialından istifadə etməklə nəqliyyat dəhlizinin inkişafında daha sıx əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. Azərbaycan tərəfi Baltikyanı regionda müxtəlif layihələrin qarşılıqlı fayda əsasında həyata keçirilməsində ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb.

Tərəflər həmçinin sülh, azadlıq, haqq və əlalət naminə müsbət səylərin yaradılmasında dinlərarası və sivilizasiyalararası dialoqun vacibliyini vurğulayıblar.

Xəbər lenti

Xəbər lenti