3 il ərzində Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi 8 yeni gəmi alıb. Keçmiş SSRİ-nin bütün məkanında heç bir gəmiçilik bu vaxt ərzində bu sayda gəmi almayıb. Trend xəbər verir ki, bu barədə gəmiçiliyin rəisi Aydın Bəşirov məlumat verib.
Yeni gəmilərin ümumi dəyəri təxminən 100 mln. ABŞ dolları təşkil edib. Bunun təxminən 95 mln. ABŞ dolları tankerlərin alınmasına sərf olunub. Cəmi üç il ərzində gəmiçilik yeddi yeni tanker alıb. Bunlardan ikisinin dedveyti 8 min ton, beşinin isə - 13 min tondur. Bundan başqa, daha bir quru mal daşıyan gəmi alınıb.
Gəmiçiliyin başçısının sözlərinə görə, bu gəmilərin öz xərcini çıxarmaq müddəti təxminən 5-6 il olacaq. Bu gün gəmiçiliyin donanması ümumi dedveyti 480 min 939 ton olan 75 gəmidən ibarətdir. Gəmilərdən 40-ı tanker, 35-i quru mal daşıyan gəmi və bərədir. Bundan başqa, Xəzər Dəniz Gəmiçiliyinin balansında 34 köməkçi, xidmət və texniki gəmi var.