...

Kamal İmamverdiyev: Daxili işlər Nazirliyi uşaq pornoqrafiyasına qarşı qanunvericiliyə əlavələr təklif edir

Siyasət Materials 27 Oktyabr 2006 18:31 (UTC +04:00)

Azərbaycanın Daxili İşlər Nazirliyi uşaq pornoqrafiyasının qarşısının alınması ilə bağlı qanunvericiliyə əlavələr edilməsinə dair təkliflər verib. Bu barədə Trend ə Daxili İşlər Nazirliyinin Yetkinlik Yaşına Çatmayanlar Arasında Profilaktik İşin Təşkili Şöbəsinin rəisi Kamal İmamverdiyev məlumat verib.

K.İmamverdiyev Azərbaycanda uşaq pornoqrafiyası ilə bağlı kasetlər və kitablara rast gəlinmədiyini və bununla bağlı xüsusi dəstələrin mövcud olmadığını bildirsə də, eyni zamanda bu cinayətin kiçik formada baş verməsini də istisna etməyib. "Uşaq pornoqrafiyası dünyanın hər bir yerində geniş yayılmaqdadır. Azərbaycanın cinayət qanunvericiliyində pornoqrafik materialların hazırlanması, yayılması ilə bağlı maddə var, lakin bu maddə məxsusi yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmayıb. Biz təklif etmişik ki, cinayət qanunvericiliyinə bununla bağlı ayrıca maddə əlavə edilsin" - deyə K.İmamverdiyev söyləyib.

"Şəxsiyyəti açıqlanmayan bir rejissorun Azərbaycanda uşaq pornoqrafiyası ilə bağlı film çəkməsi barədə məlumat nə dərəcədə həqiqətəuyğundur" sualına isə Kamal İmamverdiyev belə cavab verib: "Ola bilər hansısa rayonda aşkar edilsin. Bununla bağlı araşdırma aparılır. Cinayət qanunvericiliyindəki konkret maddəsinə uyğun olaraq tədbir görülməsi də təmin ediləcək. Belə faktlara çox nadir hallarda rast gəlmək mümkündür. Ola bilər ki, gələcəkdə belə faktlar çoxalsın" - deyə K.İmamverdiyev bildirib.

Xəbər lenti

Xəbər lenti