...

İlham Əliyev: Qarşıdakı 5-10 il ərzində Azərbaycan iqtisadiyyatın neft qiymətlərindən asılılığını minimum həddə endirməlidir

Siyasət Materials 30 Oktyabr 2006 11:27 (UTC +04:00)

Azərbaycan 1994-cü ildən həyata keçirilən layihələrdən yalnız keçən ildən etibarən əhəmiyyətli dərəcədə neft gəlirləri əldə etməyə başlayıb. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyev Rusiyada akkreditə olunmuş bir sıra KİV-ə müsahibəsində bəyan edib.

Prezidentin sözlərinə görə, Bakı-Tbilisi-Ceyhan Azərbaycanın tarixi nailiyyətidir. Bakı-Tbilisi-Ərzurum qaz kəməri də ölkənin və ümumiyyətlə, regionun inkişafı üçün böyük əhəmiyyət kəsb edir.

"Biz qarşıdan gələn illərdə ölkəyə nəhəng neft gəlirlərinin axını ərəfəsindəyik. Əlbəttə, biz 50-70 ildən sonra neftin hasilatı aşağı düşdükdən sonra nələrin baş verəcəyi barədə indidən düşünürük", - deyə dövlət başçısı qeyd edib.

İlham Əliyevin sözlərinə görə, Azərbaycan əsasən təhsil və elm sahəsinə investisiya qoyur. "Biz müasir Azərbaycan naminə güclü intellektual potensialın yaradılması məqsədilə gələcək nəsillərə, informasiya texnologiyalarına, iqtisadiyyatın qeyri-neft sektoruna sərmayə qoyuruq.

O bildirib ki, Azərbaycandakı bütün məktəblərin kompyuterləşdirilməsi proqramının həyata keçirilməsinə başlanılıb. Gələn ilin sonuna kimi Azərbaycandakı bütün 4500 məktəb, o cümlədən ən ucqar yerlərdəki məktəblər kompyuterlər və internetə çıxışla təmin olunacaq.

Digər proqram sənayenin inkişafı ilə bağlıdır. "Biz hazırda qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi üzərində işləyirik. Xaricdən və Azərbaycandan qeyri-neft sektoruna sərmayələrin cəlb edilməsi məqsədi ilə kapitalı 100 milyon ABŞ dolları təşkil edən Dövlət İnvestisiya Şirkəti yaratmışıq. Biz bunu neftin tükəndiyi zaman güclü iqtisadiyyata nail olmaq və gələn 5-10 il müddətində neft qiymətlərindən asılılığı minimum həddə endirmək məqsədi ilə edirik. Hesab edirəm ki, bu, mümkündür", - deyə prezident qeyd edib.

Xəbər lenti

Xəbər lenti