...

YAP-ın sədr müavini Ə.Əhmədov: "Azərbaycan Seçki Məcəlləsini eksperimentlər meydanına çevirməyə ehtiyac yoxdur"

Siyasət Materials 12 Dekabr 2006 13:36 (UTC +04:00)

"Azərbaycan Seçki Məcəlləsini eksperimentlər meydanına çevirməyə ehtiyac yoxdur. Seçki Məcəlləsinin, seçki komissiyalarının tərkibinin dəyişdirilməsini tələb edən obyektiv məqamlar mövcud deyil". Bu fikirləri Trend ə eksklüziv açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və icra katibi, millət vəkili Əli Əhmədov bildirib.

Qeyd edək ki, Azərbaycanda müxalifəti təmsil edən siyasi partiyalar Seçki Məcəlləsinə dəyişiklik edilərək seçki komissiyalarının tərkibinin siyasi qüvvələr arasında paritet əsasda formalaşdırılmasını tələb edirlər.

Əli Əhmədov bildirib ki, Mərkəzi Seçki Komissiyasından tutmuş aşağı seçki təşkilatlarına qədər hamısı öz işinin öhdəsindən gəlirlər. YAP funksionerinin sözlərinə görə, seçki komissiyalarının peşəkarlığının artırılması istiqamətində də iş gedir. O, hesab edir ki, gələcəkdə peşəkarlardan ibarət seçki komissiyalarının formalaşdırılması üçün indiki seçki komissiyalarının timsalında artıq baza yaradılıb. Əli Əhmədov əlavə edib ki, Seçki Məcəlləsinin dəyişdirilməsi ilə əlaqədar səsləndirilən təkliflərin əksəriyyəti siyasi xarakter daşıyır: "Bəzi qüvvələr çalışırlar ki, seçki komissiyalarının dəyişdirilməsi ilə kimlərinsə seçkidə daha böyük göstəricilər əldə etməsinə nail olsunlar. Amma seçki komissiyaları hər hansı bir partiyanın tərəfdarlarının seçkidə daha çox səs qazanmasını təmin edəcək bir qurum deyil. Seçki komissiyalarından bu məqsədlə istifadə etməyə, ondan yararlanmağa çalışmaq düzgün deyil. Ona görə biz hesab edirik ki, seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılmasına ehtiyac yoxdur"-deyə Ə.Əhmədov vurğulayıb.

YAP-ın icra katibi xatırladıb ki, mövcud qanuna əsasən, Azərbaycanın seçki administrasiyası parlamentin tərkibinə uyğun formalaşdırılır - deputatlarının sayına görə Milli Məclisdə çoxluğu, azlığı və bitərəfləri təmsil edən deputatların nümayəndələrindən ibarət. Əli Əhmədovun fikrincə, bu qayda həm ədalətli, həm səmərəli üsuldur.

Qeyd edək ki, YAP 1992-ci ilə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 13 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti