...

İsa Qəmbər: "Müxalifətin toplantılarında hər bir məsələ ilə bağlı müxtəlif fikirlərin olması təbii haldır"

Siyasət Materials 14 Dekabr 2006 13:10 (UTC +04:00)
İsa Qəmbər: "Müxalifətin toplantılarında hər bir məsələ ilə bağlı müxtəlif fikirlərin olması təbii haldır"

"Müxalifətin toplantılarında hər bir məsələnin müzakirəsi zamanı müxtəlif fikirləri olması təbii haldır". Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Qeyd edək ki, bir müddət əvvəl bütün müxalifət partiyalarının iştirakı ilə söz və mətbuat azadlığının müdafiəsi üzrə Koordinasiya Şurası adlı qurum yaradıldı. Bir neçə dəfə müxalifət rəhbərləri bir araya gələrək birgə müzakirələr aparıb və bu toplantıları davam etdirməyi qərara alıblar.

Koordinasiya Şurasının növbəti toplantısının nə vaxt keçirilməsi ilə bağlı İsa Qəmbər bildirib ki, bu barədə məsləhətləşmələr aparılacaq. İ.Qəmbər onu da deyib ki, Müsavat Partiyası Koordinasiya Şurasının işinin təşkili ilə bağlı öz təkliflərini verib və tam tərkibdə keçiriləcək toplantıda bu təkliflərə baxılacaq: "Koordinasiya Şurasının toplantısını təyin etmək təkcə bizdən asılı deyil. Çünki bu qurumda Redaktorlar Birliyi, QHT-lər, millət vəkilləri və digər strukturlar toplanmışdı. Növbəti iclas nə zaman məsləhət bilinsə, onda keçiriləcək".

İsa Qəmbər bu qurumda siyasi qüvvələr arasında fikir ayrılıqlarının olması barədə deyilənlərə də münasibətini açıqlayıb: "Koordinasiya Şurası sırf müxalifət strukturu deyil. Söz azadlığı uğrunda demokratik ictimaiyyəti birləşdirən bir qurumdur. Hər bir məsələnin müzakirəsində müxtəlif fikirlərin yaranması təbiidir. Burada hər hansı problem axtarmağa ehtiyac görmürəm. Konkret olaraq Müsavat Partiyası Koordinasiya Şurasının işinin təşkili ilə bağlı biz öz təklifini verib, əgər məsləhət olacaqsa, görüşüb müzakirələr aparacağıq".

İsa Qəmbər onu da deyib ki, Müsavat Partiyasında növbəti dəfə yürüş-mitinqin planlaşdırılması ilə bağlı müzakirələr aparılacaq.

Qeyd edək ki, müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illər) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub. Partiya hazırda 5 nəfər deputatla parlamentdə təmsil olunur.

Xəbər lenti

Xəbər lenti