...

İKT baş katibi Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək hüququnu dəstəkləyir

Siyasət Materials 13 Mart 2007 16:17 (UTC +04:00)
İKT baş katibi Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək hüququnu dəstəkləyir

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu ilə Trend in eksklüziv müsahibəsi

-2007-ci ildə və yaxın perspektivdə təşkilatın prioritetləri necə olacaq?

- 2007-ci ildə İKT-nin əsas prioritetləri Müsəlman dünyası qarşısında duran lazımi beynəlxalq və regional məsələlərin öhdəsindən gəlmək və çətinliklərlə mübarizə aparmaqda təşkilatın rolunun artırılması prosesini davam etdirmək olacaq. Bu proses artıq iki ildir ki, davam etdirilir. Mən İKT tərəfindən artıq müəyyən edilmiş bir neçə mühüm sahəni qeyd etmək istərdim. Bura İKT-nin yeni nizamnaməsinin qəbul olunması daxildir. Hesab edirəm ki, bu sənədin qəbulu təşkilatın fəaliyyətinə və 57 üzv dövlətin ümumi maraqlarına xidmət etməsinə yeni təkan verəcək.

Digər mühüm bir məsələ üzv dövlətlərin, ümumilikdə bütün Müsəlman dünyasının qarşısında duran böhran və çətinliklərə münasibətdə İKT-nin siysasi mövqeyinin möhkəmləndirilməsidir. Mən 2005-ci ildə fəaliyyətə başladığım andan etibarən bu prosesi başlatmışam.

Mən Həmrəylik və Dəstək Fondunun daha da möhkəmləndirilməsi məsələsi üzərində durardım. Bildiyimiz kimi İKT bu fondu müsəlman xalqlarını yaxınlaşdırmaq üçün nəzərdə tutduğunu bəyan edib.

Mənim müraciət edəcəyim digər bir sahə isə elm və texnologiya, İslamda qadının yeri, insan hüquqları, yaxşı hökumət, strateji planlaşdırma, münaqişəli rəhbərlik və s. məsələləri əhatə edəcək yeni İKT gündəliyinin institusionallaşdırılmasıdır.

- Azərbaycanın İslam Konfransı Təşkilatındakı rolunu və əməkdaşlığını necə qiymətləndirirsiniz? Azərbayacanın yerinə yetirdiyi funksiyalar lazımi tələblərə nə dərəcədə cavab verir?

- Şəxsən mən Azərbaycanın Xarici İşlər Nazirlərinin İslam Konfransına (ICFM) sədrliyə başladıqdan sonrakı fəaliyyətini müsbət qiymətləndirirəm. Mənim fikrimlə İKT-yə üzv olan digər dövlətlər də razı olar. Azərbaycan həmçinin Fələstin və Beyt Xanun məsələləri ilə bağlı İKT İcraiyyə Komitəsinin nazirlər səviyyəsində iki görüşünün təşkilatçısı olub.

Bu, Azərbaycanın təşkilatın işindəki təsirlərinin aydın təzahürləridir.

Azərbaycan Bakıda İKT-nin beşinci Turizm Nazirləri konfransını çağırıb. Biz Azərbaycan prezidenti İlham Əliyevə çox minnətdarıq və ondan daha bir təşəbbüs - "Tolerantlığın inkişafında və anlaşmada KİV-in rolu" mövzusunda vacib konfransın Bakıda keçirilməsini gözləyririk.

- Nəzərə alsaq ki, İKT Nizamnaməsi 1970-ci ildə qəbul olunub, 35 il keçdikdən sonra bəzi prioritetlərdə müəyyən dəyişikliklər olunub. Yeni Nizamnaməyə hansısa dəyişikliklər təklif olunurmu? İKT-nin yenidənn təşkil olunmasına ehtiyac varmı?

- Bu, çox mühüm məsələdir və mən buna qismən cavab verdim. Aydınlıq gətirmək istərdim ki, İKT-nin yeni Nizamnaməsi layihə formasında hazırlanıb. Ümid edirəm ki, qısa zamanda bu təşkilata üzv ölkələr tərəfindən qəbul olunacaq. Bu bir neçə məsələni əhatə edəcək.

Birinci növbədə bu, 2005-ci ilin dekabr ayında Məkkədə İKT-nin 3-cü Fövqəladə Sammiti zamanı yekdilliklə qəbul olunmuş 10 illik fəaliyyət planının izahı olacaq. İkincisi isə, kifayət qədər uzun müddət keçib, istər beynəlxalq aləmdə, istərsə də regional səviyyədə nəzərəçarpacaq dəyişikliklər baş verib ki, təşkilat da bunların öhdəsindən gəlməlidir.

İslahatlara gəldikdə isə, bu da İKT üçün əhəmiyyətli məsələdir və ona kifayət qədər diqqət ayrılacaq. Yeni Nizamnamə elə islahatların bir mərhələsi hesab oluna bilər.

Digər məsələlər də var ki, bunların sırasına Katibliyin yenidən təşkil olunması, 20-yə yaxın institut və katiblik arasında uzlaşma, metodoloji fəaliyyət, yüksək ixtisaslı heyətin hazırlanması, yeni mənzil qərargahının tikilməsi və digər məsələlər daxildir.

- Aprelin sonunda Bakıya təlyin olunmuş KİV-də tolerantlıqla bağlı Konfransa hansı hazırlıq işləri görülür? Bu məsələ bugün üçün nə qədər aktualdır?

- Bu konfrans mühüm hadisə olacaq və Katinblik bu vacib toplantının təşkilində öz köməyini göstərəcək. Mən bu təşəbbüsün nə dərəcədə əhəmiyyətli olduğunu qeyd etmək istərdim. Hamımız bilirik, KİV nə deməkdir və cəmiyyətdəki fikrin formalaşdırılmasında necə əhəmiyyətlidir. Hazırda biz terror və güc tətbiq etmənin şahidi oluruq. Bunlar hamısı dözümsüzlükdən və anlaşmanın olmamasından irəli gəlir. Bununla yanaşı, digər məsələ ondan ibarətdir ki, mətbuat bu terrorları İslamla bağlayır. Ona görə də mən İlham Əliyevin bu təşəbbüsünü yüksək dəyərləndirirəm. Bu Konfrans dözümlülüyün və qarşılıqlı anlaşmanın daha da güclənməsinə yardım edəcək.

- İKT-nin növbəti sammiti hansı dövr üçün planlaşdırılır və onun gündəliyinə hansı məsələlərin daxil olacağı gözlənilir?

- İKT Nizamnaməsindəki prosedur qaydalarına əsasən növbəti konfransın 2007-ci ildə Seneqalda keçirilməsi planlaşdırılsa da, 2008-ci ilin mart ayına dəyişdirildi. O zaman Malayziya sammitə sədrlik edəcək. Gündəliyə çıxarılacaq məsələlərə gəldikdə isə, bu, ölkələrin ixtiayarındadır və indidən bu barədə danışmaq tezdir. Qeyd etmək istərdim ki, bu, 4-cü Fövqəladə Məkkə Konfransınadan sonrakı növbəti toplantı olduğundan mühüm hesab olunur. Sammit həmçinin İKT-də baş verən islahatlara da yeni təkan verəcək.

AZƏT-in Minsk Qrupu artıq 10 ildən çoxdur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğuldur, ancaq heç bir müsbət nəticə əldə olunmayıb. Demək olarmı ki, bu məsələdə ATƏT-in imkanları tükənib və digər təşkilatlar da bu məsələyə qarışmalıdırlar?

- Mən inanıram ki, istənilən problemin həllində ikitərəfli və ya çoxtərəfli olmasından asılı olmayaraq məsələnin həllinə aparan bütün prosesləri dəstəkləmək lazımdır. Qarabağ münaqişəsi kimi çətin məsələlərin həllində vaxt və birgə səy lazımdır.

Mən hesab edirəm ki, biz Minsk Qrupunun bu istiqamətdə gücləndirilmiş fəaliyyətini dəstəkləməli və BMT, digər beynəlxalq və regional təşkilatların səylərini bu istiqamətdə tamamlamalıyıq. Qeyd etməliyəm ki, Avropada təhlükəsizlik və əməkdaşlığa cavabdeh olan bir qurum kimi ATƏT bu məsələnin həllində kifayət qədər mühüm strukturdur.

- Azərbaycan rəhbərliyi tərəfindən işğal olunmuş ərazilərin hərbi yolla qaytarılması barədə qərar qəbul olunarsa, İKT-nin reaksiyası necə olacaq?

- İlkin olaraq mən həm öz adımdan, həm də İKT-nin baş katibi olaraq, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarını azad etmək hüququnu tanıdığımı təsdiqləmək istəyirəm. Biz bu məqsədin bütün üzv dövlətlər və dünya ictimaiyyəti tərəfindən dəstəklənməsi ilə bağlı fəaliyyətimizi davam etdiririk. Eyni zamanda mən inanıram ki bütün münaqişələr sülh yolu ilə həll olunmalıdır. Məsələnin müaharibə variantı ilə həlli isə istər maddi, istərsə də mənəvi baxımdan böyük itkilərə yol açacaq. Əgər müharibə baş versə belə, yenə də sonda tərəflər danışıqlar masasına əyləşməli olacaqlar. Mən isə sülh danışıqlarına daha fəal qoşulmağı məsləhət görərdim.

Xəbər lenti

Xəbər lenti