Bakı. Trend:
Multimodal daşımalar və təchizat zəncirinin idarəedilməsi ilə məşğul olan beynəlxalq logistika qrupu “Rhenus Logistics” Orta Dəhlizdə terminalların və yükaşırma əməliyyatlarının idarə olunması üçün özünün xüsusi proqram təminatını hazırlayır.
Bunu Trend-ə müsahibəsində “Rhenus Logistics” nümayəndəsi bildirib.
Şirkətin bildirdiyinə görə, rəqəmsallaşma “Rhenus” Qrupunun logistika strategiyasının əsas elementlərindən biridir və bu, Azərbaycan daxil olmaqla bütün Transxəzər Dəhlizi boyunca fəaliyyətləri əhatə edir.
“Perspektivli istiqamətlərdən biri, gömrük, liman və dəmir yolu strukturlarını vahid platformada birləşdirən dəhliz idarəetmə sistemlərinin tətbiqidir.Belə sistemlər çatışmazlıqların qarşısını almağa, proseslərin real vaxtda görünməsini təmin etməyə və daha səmərəli keçid qabiliyyətinin planlaşdırılması üçün proqnozlaşdırıcı analitikadan istifadə etməyə kömək edir”, – deyə şirkətdən əlavə olunub.
Bildirilir ki, “Rhenus” eyni zamanda terminalların və yükaşırma əməliyyatlarının idarəolunması üçün iri logistika hablarının layihələndirilməsi və idarəolunmasındakı təcrübəsinə söykənərək öz proqram təminatı hazırlamaqdadır.
“Şirkət bu təcrübəni regionda tətbiq etməklə, yüklərin emal vaxtını və xərcləri azaltmaq,və beləcə Transxəzər marşrutunu alternativ marşrutlarla müqayisədə daha rəqabətqabiliyyətli etmək niyyətindədir.Rəqəmsallaşma dayanıqlılıqla sıx bağlıdır. “Rhenus” 2015-ci ildən Azərbaycanda fəaliyyətə başladığından, şirkət xidmət spektrini avtomobil daşımalarından dəmir yolu komponentli multimodal xidmətlərə genişləndirərək emissiyaları azaldıb və güc imkanlarının səmərəli istifadəsini artırıb.Bakıda keçirilən COP29 çərçivəsində “Rhenus” ekoloji təmiz elektrik yük maşını ilə yerli logistika əməliyyatlarını dəstəkləyərək əyani olaraq nümayiş etdirib ki, praktik innovasiyalar daha təmiz və səmərəli logistikaya töhfə verir”, – deyə “Rhenus Logistics” nümayəndəsi yekunlaşdırıb.
