...

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Plasido Dominqonun Heydər Əliyev Mərkəzindəki konsertində iştirak edib (FOTO/VİDEO)

Mədəniyyət Materials 15 Noyabr 2025 12:38 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Plasido Dominqonun Heydər Əliyev Mərkəzindəki konsertində iştirak edib (FOTO/VİDEO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

Bu, Bakının musiqi tarixinə əbədi həkk olunacaq bir axşam idi – əfsanəvi tenor Plasido Dominqo Bakıda, Heydər Əliyev Mərkəzində çıxış edərək tamaşaçılara dünya opera klassikasının unudulmaz bayramını bəxş etdi.

Trend xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da konsertdə iştirak edib.

Müasir dövrün ən böyük və ən çox hörmət edilən opera ifaçılarından biri olan, görkəmli ispaniyalı müğənni və dirijorun konserti əsl zəfərə çevrildi. Heydər Əliyev Mərkəzinin zalında xüsusi bir gözlənti hiss olunurdu: tamaşaçılar artıq uzun müddət opera sənətinin möhtəşəmliyini öz sənəti ilə təcəssüm etdirən tenoru qarşılayacaqlarını bilirdilər.

84 yaşlı Plasido Dominqo saat yarımlıq konsert proqramı ilə çıxış edərək incə ustalığı, qeyri-adi səhnə xarizması və hər bir nömrəni emosional yaşayışa çevirmək məharəti ilə dinləyiciləri heyran etdi.

Konsert zəngin proqramı və parlaq ifaçı heyəti ilə seçilirdi.

Səhnədə Maestro ilə birlikdə onun oğlu – müğənni və bəstəkar Plasido Dominqo-kiçik, dünya şöhrətli müğənni, Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor), tanınmış vokalçılar – Azərbaycanın Əməkdar artisti Afaq Abbasova (soprano) və isveçrəli opera müğənnisi Darya Rıbak (soprano) çıxış edirdilər.

Səslərin və partiyaların solo, duet, trio və yekun ümumi ifada yaratdığı həmahənglik həqiqətən möhtəşəm bayram atmosferi formalaşdırdı. Hər bir nömrə uzun və səmimi alqışlarla müşayiət olunurdu – tamaşaçılar heyranlıqlarını gizlətmirdilər.

Gecənin musiqili ürəyi – məşhur italyan dirijoru Françesko İvan Çampanın dirijorluq etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri oldu. Maestro orkestri virtuoz şəkildə idarə edərək zəngin və emosional çalarlarla dolu musiqi palitrası yaratdı. Onun dirijorluğu ilə Jakomo Puççini, Cüzeppe Verdi, Pyetro Maskani kimi bəstəkarların əsərləri səsləndi – klassik musiqi zala yenilənmiş, ruhlandırıcı və xüsusi dramatik ovqat gətirdi.

Gecənin ən təsirli anlarından biri Plasido Dominqonun Azərbaycan tamaşaçıları üçün hazırladığı sürpriz oldu. Əfsanəvi müğənni konsertin digər iştirakçıları ilə birgə məşhur Azərbaycan xalq mahnısı "Küçələrə su səpmişəm"i ifa etdi.

Bu nömrə də böyük coşqu ilə qarşılandı və bir çoxları üçün nəinki konsertin bəzəyi, həm də maestronun Azərbaycan mədəniyyətinə olan hörmətinin rəmzi oldu.

Qeyd etmək lazımdır ki, Dominqonun Azərbaycan melodiyalarına müraciəti yeni deyil. O, 2010-cu ildə ümummilli lider Heydər Əliyevin doğumunun 87-ci ildönümünə həsr olunmuş mərasimdə Tofiq Quliyevin "Sənə də qalmaz" mahnısını ifa etmişdi.

İndiki konsert isə bu musiqi bağlılığını daha da möhkəmləndirərək onu daha isti və mənalı etdi.

Tamaşaçılar ifaçıları ayaq üstə, gur və uzun sürən alqışlarla qarşıladılar, əfsanəvi Maestroya və bütün sənətkarlara minnətdarlıqlarını ifadə etdilər.

Plasido Dominqonun Bakıda keçirilən konserti paytaxtın mədəni həyatının parlaq səhifəsinə çevrildi və bir daha sübut etdi ki, sənət zaman və sərhədlərdən asılı olmayaraq qəlbləri birləşdirməyə davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti