Bakı. Trend:
Transadriatik boru kəmərinin (TAP) illik ötürücülük qabiliyyətinin 20 milyard kubmetrədək artırılması onun ardıcıl icrasını tələb edir.
Bunu Trend-ə NATO-nun “Association of Canada” Enerji Təhlükəsizliyi Proqramının direktoru və baş elmi işçisi Robert M. Katler TAP-ın kommersiya istismarına başlamasının 5-ci ildönümü ilə əlaqədar bildirib.
O xatırladıb ki, 2020-ci ildə tam fəaliyyətə başladıqdan sentyabrın əvvəlinə qədər TAP 50 milyard kub metrdən artıq qaz nəql edib.
“TAP-ın rolu strateji əhəmiyyət kəsb edir: Melendunyo (İtaliya) istiqamətinə daxil olan qaz ölkədə anbarların doldurulmasında istifadə oluna bilər, mayeləşdirilmiş təbii qaz (MTQ) terminal güclərini tamamlayar və zərurət yaranarsa, interkonnektorlar vasitəsilə Yunanıstan və Bolqaristana yönləndirilə bilər. Qaz axınları saxlanma və MTQ göndərmə dövrləri ilə uyğunlaşdırılır ki, operatorlar xidmət və güc bölgüsünü əvvəlcədən planlaşdıra bilsinlər. Bu yanaşma öhdəlikləri şəffaf və cədvəlləşdirilmiş prosesə çevirir, qış qiymətlərini stabilləşdirir və son dərəcə təcili alışlara ehtiyacı azaldır.
Nəticədə balanslaşdırılmış tədarük strukturu yaranır: MTQ boru kəməri həcmləri ilə birləşir, bir tədarükçüyə asılılıq azalır və planlaşdırma İtaliya və qonşu ölkələr üçün daha proqnozlaşdırıla bilir. TAP “Şahdəniz” yatağından qaz nəql edir, TANAP boru kəməri vasitəsilə trans-Türkiyə seqmentində sabit tədarükləri təmin edir və SOCAR-ın “Italiana Petroli”də payını alaraq İtaliya downstream-seqmentinə çıxmağa hazırlaşır”, - deyə Katler bildirib.
O vurğulayıb ki, əsas göstərici etibarlılıqdır: bron edilmiş həcmlər vaxtında təmin olunanda və yeniliklər vaxtında təqdim olunanda alıcılar tədarükləri planlaşdıra bilirlər , improvizasiya etməyə məcbur qalmırlar.
“2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan arasında TAP-in ötürücülük qabiliyyətinin 2027-ci ilə qədər ən azı illik 20 milyard kubmetrədək artırılmasını nəzərdə tutan razılaşma hələ də realdır, lakin ardıcıl icra tələb edir”, - analitik bildirib.
Katler qeyd edib ki, TAP-in gələcək onilliklər üçün genişləndirilməsinin planlaşdırılmasında prioritet məsələ - icradır.
“Kompressorların modernizasiyasını tamamlamalı, uçot sistemlərini təkmilləşdirməli və bütün qoşulmaları bitirməli, həmçinin 2025–2026-cı illərin qış mövsümü üçün xidmət cədvəllərini əvvəlcədən dərc etməliyik. Bu, operatorlara sistemin fəaliyyətini planlaşdırmağa və qazın stabilliyini təmin etməyə imkan verəcək, ələlxüsus da qışın pik dövründə. Həmçinin, TANAP-ı illik 31 milyard kubmetr ötürücülük qabiliyyətinə yaxınlaşdırmaq və “Şahdəniz” yatağından qaz tədarüklərini indiki səviyyədə və ya daha yüksək saxlamaq vacibdir ki, tədarük zəncirinin bütövlüyü qorunsun. TAP-in genişləndirilməsinin birinci fazası 2026-cı ildə, ikinci faza isə yeni rezervasiyalar müəyyənləşdirildikdən sonra həyata keçirilməlidir.
İkinci əsas məqam sistemin şəffaflığıdır. Bunun üçün aşağıdakı məqsədlərlə yanvar, aprel, iyul və oktyabr aylarında qısa rüblük bülletenlərin dərc edilməsi təklif olunur:
- planlaşdırılmış xidmət tarixlərinin qeyd olunması;
- əlavə mövcud güc barədə məlumatın verilməsi;
- bütün bazar iştirakçıları üçün məlumatların dərc formatının müəyyən edilməsi”, - deyə o bildirib.
Katler üçüncü faktorun maliyyələşdirmə olduğunu bildirib.
“TAP-in genişləndirilməsinə sərmayələr qazın son bazarlara çatdırılması mexanizmləri ilə sinxronlaşdırılmalıdır. SOCAR-ın İtaliyadakı rolu kredit verənlərdə etimadı artırır və maliyyələşdirməni asanlaşdırır. Həmçinin, Avropa İttifaqının alətləri, İtaliyada Mattey Planı kanalları və çoxtərəfli maliyyə institutlarının imkanlarından istifadə etməklə orta seqmentdəki dar boğazları aradan qaldırmaq olar.
Dördüncü faktor — nizamlayıcı sabitlikdir. Bunun üçün:
- metan emissiyaları üzrə normativlərin real icra müddətlərini müəyyənləşdirmək;
- sertifikatlaşdırma və icazələrin verilməsini sürətləndirmək;
- Balkanlara, Yunanıstana və Bolqarıstana interkonnektorları gücləndirmək vacibdir.
Yalnız bu şərtlər yerinə yetirildikdə TAP-in yeni ötürücülük qabiliyyəti istifadəyə verildiyi andan əlçatan olacaq”, - Katler yekunlaşdırıb.
