Bakı. Trend:
Transadriatik qaz kəməri (TAP) vasitəsilə qaz tədarükü idxalçı ölkələrin enerji təhlükəsizliyini gücləndirib və istehlakçılar üçün qazın qiymətini daha proqnozlaşdırıla bilən edib.
Bunu Trend-ə ABŞ-nin Hərbi-Dəniz Aspiranturası Məktəbinin müəllimi, professor Brenda Şaffer TAP-ın kommersiya istismarına başlamasının 5 illiyi münasibətilə bildirib.
O qeyd edib ki, Aİ ölkələrinin, BMT-nin və Beynəlxalq Enerji Agentliyinin əksəriyyətindən fərqli olaraq, Azərbaycan 2010-cu illərin əvvəllərində Avropaya təbii qaz tədarükünün artırılmasına ehtiyacın yaranacağını qabaqcadan görürdü və dünyada qaz tələbatının azalmaq əvəzinə artdığını anlayırdı.
“TAP üzrə yekun investisiya qərarı qəbul edilərkən dünyada bir çoxları enerji keçidinin – daş kömür və digər yanacaq növlərindən bərpa olunan enerji mənbələrinə keçidin – qaçılmaz olduğunu düşünürdü. Lakin Azərbaycan və SOCAR , hazırda təbii qazın bərpa olunan alternativinin olmadığını və bərpa olunan enerji mənbələri əslində elektrik enerjisinin dayanıqlı istehsalını təmin edən baza generasiyası üçün qaz tələbatını artırdığını düzgün qiymətləndirdi. Son on il ərzində bərpa olunan enerji mənbələrinə qlobal tələbat artsa da, daş kömür və qaz tələbatı bundan da çox artıb. Bərpaolunmayan yanacaqlardan bərpa olunan enerjiyə keçid hələ ki, baş vermir”, – deyə Şaffer vurğulayıb.
O həmçinin qeyd edib ki, Brüssel Azərbaycanı son dərəcə etibarlı qaz tədarükçüsü və geosiyasi tərəfdaş kimi qəbul edir.
“Təbii qaza tələbatın yeni dövrü formalaşır. Ölkələr artıq açıq şəkildə qazın vacibliyini bəyan edirlər. Yaxın vaxtlarda çoxsaylı çoxtərəfli institutlar və dövlətlər təbii qaz layihələrinin dövlət maliyyələşdirilməsinə dair qadağaları aradan qaldıracaqlar. Mənim fikrimcə, bütün enerji mənbələri arasında qarşıdakı onillikdə ən sürətlə artacaq tələbat məhz qaz və daş kömürə olacaq. Qaz tələbatının bu tendensiyası SOCAR və Azərbaycan üçün son dərəcə əlverişlidir”, – deyə professor bildirib.
Xatırladaq ki, 15 noyabr 2020-ci ildə, tikintinin başlanmasından dörd il yarım sonra, Yunanıstan, Albaniya, Adriatik dənizi və İtaliyadan keçən 878 kilometrlik qaz nəqletmə sistemi kommersiya istismarına verilib. 31 dekabr 2020-ci ildə TAP ilk qazın nəqlinə başlayıb. TAP-ın illik ötürmə gücü 10 milyard kubmetrdir və bu göstərici 20 milyard kubmetrədək artırıla bilər. 2024-cü ilin yanvarında TAP üzrə tədarüklərin daha 1,2 milyard kubmetr artırılması təsdiqlənib. Hazırda 2026-cı ildən başlayaraq Albaniyaya TAP vasitəsilə qaz tədarükünün təşkili ilə bağlı işlər aparılır.
