...

TAP-ın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyəti arzu olunan əlavədən mütləq zərurətə çevrildi - Ceyms Şarp

Energetika Materials 15 Noyabr 2025 14:00 (UTC +04:00)
TAP-ın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyəti arzu olunan əlavədən mütləq zərurətə çevrildi - Ceyms Şarp
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Sonuncu həlqəsi Transadriatik qaz kəməri (TAP) olan Cənub Qaz Dəhlizi hər zaman Avropa İttifaqına qaz tədarükü və enerji təhlükəsizliyinin mühüm tamamlayıcısı kimi nəzərdən keçirilib.

Bunu Trend-ə Böyük Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp TAP-ın kommersiya istismarına verilməsinin 5 illiyi münasibətilə deyib.

“O zaman ümumi tədarük həcmlərində payı çox böyük olmasa da, TAP mənbələrin şaxələndirilməsinin mühüm elementi hesab olunurdu – Xəzər regionundan Avropaya Rusiyadan asılı olmayan istiqamət üzrə kəmərlə qaz çatdırılmasını mümkün edən ilk marşrut idi. 2022-ci ilin əvvəlində Rusiyanın Ukraynaya təcavüzü Azərbaycanın və onun tərəfdaşlarının nə qədər uzaqgörən olduğunu açıq şəkildə göstərdi. TAP-ın Aİ-nin enerji təhlükəsizliyi üçün əhəmiyyəti arzu olunan əlavədən mütləq zərurətə çevrildi”, – o vurğulayıb

Şarpın sözlərinə görə, Azərbaycanın enerji tərəfdaşı kimi etibarlılığı heç vaxt şübhə doğurmayıb.

“bp şirkəti burada uzun illərdir uğurla fəaliyyət göstərir, müqavilələrin sabitliyindən və SOCAR ilə Azərbaycan hökuməti ilə konstruktiv münasibətlərdən bəhrələnir. Lakin Rusiyanın Ukraynaya təcavüzündən və Aİ-nin Rusiya qazı idxalını azaltmaq səylərindən sonra Azərbaycanın etibarlı tərəfdaş kimi dəyəri xüsusilə qabarıq şəkildə üzə çıxdı. Məhz Azərbaycan, xüsusilə Cənub-Şərqi Avropa ölkələri üçün əvəzləyici qaz həcmlərinin əsas tədarükçüsünə çevrildi. TAP-a qoşulan Yunanıstan–Bolqarıstan interkonnektoru əvvəllər cüzi bir qolu xatırlatsa da, sonradan Mərkəzi və Cənub-Şərqi Avropada Rusiya qazından asılılığı azaltmaq və ya tam aradan qaldırmaq istəyən bir çox ölkə üçün həyati əhəmiyyət qazandı. Azərbaycan tərəfindən nə qədər sürətli reaksiyanın göstərilməsi məni xüsusilə təəssüratlandırdı – ölkə ixrac həcmlərini artırdı, yeni razılaşmalar bağladı və qazı əvvəlcədən nəzərdə tutulduğundan xeyli çox sayda ölkəyə çatdırmağın yollarını tapdı. Bu, etibarlı tərəfdaşın həqiqi göstəricisidir”, – deyə sabiq səfir qeyd edib.

TAP-ın gələcək genişləndirilməsindən söz açan Şarp bildirib ki, layihənin həyata keçirilməsi üçün Azərbaycan, Türkiyə və onların tərəfdaşları müəyyən maliyyə risklərinin bir hissəsini üzərlərinə götürməli ola bilərlər.

“Türkmənistandan qazın Transxəzər qaz kəməri vasitəsilə əlavə olunması layihənin iqtisadi cəhətdən daha cəlbedici olmasına səbəb ola bilər. Həmçinin Azərbaycanın Suriyaya qaz tədarükünə başlaması da maraqlı məqamdır. TAP bu prosesdə iştirak etmir və hələlik həcmlər çox böyük deyil, lakin bu, regionda Azərbaycanın artan rolunu nümayiş etdirir. Daha genişmiqyaslı sülh razılaşmaları əldə edildiyi təqdirdə bu rol daha da önəm qazana bilər”, – deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti