...

Aprelin ilk ongünlüyündə müxalifət yeni birliyin yaranmasını elan edəcək

Siyasət Materials 29 Mart 2007 12:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Aprelin ilk ongünlüyündə bir neçə partiyanın iştirakı ilə müxalifətin yeni birliyi yaradılacaq. Bu barədə məlumat verən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri, müxalifət partiyalarının yeni güc mərkəzinin yaradılmasının təşəbbüskarı olan Mirmahmud Mirəlioğlu bildirib ki, məsələ ilə bağlı digər partiyalarla apardığı danışıqlar yekunlaşıb.

"Hazırda əməkdaşlığın prinsipləri müəyyənləşdirilir və son sənədləşmə işləri aparılır, imzalanacaq sazişin tezisləri sənəd şəkilində hazırlanır. Aprelin əvvəllərində yeni güc mərkəzinin yarandığını elan edəcəyik. Artıq bununla bağlı razılıq var və bir neçə partiya bir aradadır", -deyə M.Mirəlioğlu əlavə edib.

M.Mirəlioğlu yaradılacaq birlikdə hansı partiyaların təmsil olunacağını və təşkilatın adını açıqlamayıb. Lakin qeyd edib ki, müxalifətin yeni mərkəzində Azərbaycan siyasətində öz sözünü demiş və kifayət qədər tanınan partiyalar təmsil olunacaqlar.

Yeni mərkəz əsasən məsləhətləşmə və əməkdaşlıq mərkəzi olacaq.

"Lakin bu mərkəz gələcəkdə vahid bloka da çevrilə bilər. Prezident seçkilərində birgə iştirak da mümkündür. Lakin bütün bunlar zamanın işidir", -deyə M.Mirəlioğlu bildirib.

Qeyd edək ki, 2006-cı ilin mart ayında müxalifəti təmsil edən Klassik Xalq Cəbhəsi Partiyasının təsis qurultayı keçirilib. Həmin vaxta qədər partiya Azərbaycan Xalq Cəbhəsi Partiyası adına iddia edirdi və "Klassiklər" AXCP-si kimi tanınırdı. Azərbaycanın eks-prezidenti, AXCP sədri Əbülfəz Elçibəyin müavini olmuş Mirmahmud Mirəlioğlu 2000-ci ildə partiyanın iki yerə parçalanmasından sonra "Klassiklər" qanadına sədrlik edib. 2006-cı ildə partiyanın adında dəyişiklik edilərək KXCP adlandırılıb. KXCP bir müddət əvvəl dövlət qeydiyyatına alınıb.

Xəbər lenti

Xəbər lenti