...

Türkiyə XİN: "Türkiyəli müşahidəçilərə viza verməməsi Ermənistanın uğursuz inkişaf yolu tutduğunu göstərir"

Siyasət Materials 8 May 2007 19:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ ATƏT-in müşahidə missiyasının tərkibində Türkiyəni təmsil edən nümayəndələrə Ermənistan tərəfindən viza verilməməsi ermənilərin uğursuz inkişaf yolu tutduğunu göstərir. Bu barədə Türkiyənin Xarci İşlər Nazirliyinin çərşənbə axşamı yaydığı bəyanatda bildirilir.

Qeyd edək ki, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası mayın 12-də Ermənistanda keçiriləcək parlament seçkilərini müşahidə edəcək. ATƏT-in müşahidə missiyasına daxil edilən Türkiyənin səkkiz nəfərlik qısamüddətli müşahidəçiləri mayın 6-da axşam İrəvana yola düşməli idilər. Lakin səfərə bir neçə saat qalmış ATƏT yetkililəri bildiriblər ki, Ermənistanın əlaqədar dövlət orqanları Türkiyənin müşahidəçi heyətinə viza verməkdən imtina edib. Bu səbəbdən türk müşahidəçi heyətinin Ermənistana səfəri təxirə salınıb.

Qeyd edik ki, ATƏT-in xətti ilə Ermənistana göndərilməsi planlaşdırılan türkiyəli müşahidəçilər beynəlxalq müşahidəçi statusuna malikdirlər.

Türkiyə XİN bəyan edib ki, Ermənistandakı seçkiləri izləmək üçün müşahidəçi təyin edilməsi, iki ölkə arasında münasibətlərin normallaşdırılmasına cəhd məqsədi daşıyan, Ermənistanın demokratik inkişafına yönələn addım idi: "Lakin Ermənistanın Türkiyəyə yönəlik bu hərəkətləri göstərir ki, o, iki ölkə arasında dialoqu başlada biləcək addımların atılmasından qaçır. ATƏT-in müşahidəçilərinə şübhə ilə yanaşılması, onlara viza verilməsindən imtina olunmasını Ermənistan üçün uğursuz inkişaf hesab edirik. Bu cür addımlar Ermənistanın dialoq qurmaq, beynəlxalq ictimaiyyətə inteqrasiya etmək, qonşu dövlətlərlə yaxşı münasibətlər qurmaq ehtimallarını azaldır"-deyə XİN tərəfindən bəyan edilib.

Nazirlik sonda bəyan edib ki, Türkiyə regionda sülhə, barışa və yaxın qonşuluq əlaqlərinin qurulmasına önəm verən bütün ölkələrin və beynəlxalq təşkilatların Ermənistanın bu cür anlaşılmaz qərarlarına dair rəylər və qərarlar verməsini gözləyir.

Xəbər lenti

Xəbər lenti