...

YAP 15 iyun Milli Qurtuluş Günü münasibətilə bir sıra tədbirlər keçirəcək

Siyasət Materials 6 İyun 2007 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) 15 iyun Milli Qurtuluş Günü münasibətilə bir sıra tədbirlər keçirəcək. Bu barədə çərşənbə günü Bakıda YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov məlumat verib.

Novruzov qeyd edib ki, YAP rəhbərliyi həmin gün Fəxri Xiyabanda Azərbaycanın eks-prezidenti Heydər Əliyevin məzarını ziyarət edəcək, bundan sonra partiyanın mərkəzi qərargahında YAP rəhbərliyinin, rayon və şəhər təşkilatı sədrlərinin, təşkilatın icra aparatı rəhbərlərinin iştirakı ilə Heydər Əliyev məktəbinin toplantısı keçiriləcək.

"Bundan başqa, türk müəllifi tərəfindən Türkiyədə çap olunan Heydər Əliyevin həyatından bəhs edən "Zirvə" kitabının təqdimat mərasimi keçiriləcək" - deyə millət vəkili əlavə edib.

Eyni zamanda, YAP-ın bütün rayon və şəhər təşkilatlarında Milli Qurtuluş Günü qeyd olunacaq. Bununla bağlı tədbirlər planı təsdiq olunub.

Azərbaycanın mərhum eks-prezidenti Heydər Əliyevin 1993-cü ilin iyunun 15-də Naxçıvan Muxtar Respublikasından Bakıya qayıtdığı gün Milli Qurtuluş Günü kimi qeyd olunur. Heydər Əliyev həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışırdı. Həmin dövrdə prezident olan Əbülfəz Elçibəy Heydər Əliyevi Ali Sovetin sədri vəzifəsinə dəvət etmişdi.

YAP 1992-ci ildə Naxçıvanda yaradılıb. 14 ildir ki, hakim partiya olan YAP-ın ilk sədri mərhum eks-prezident Heydər Əliyev olub. Partiyanın hazırkı sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti