...

YAP rəsmisi: "Parlamentin payız sessiyasında hərbi xidmətə çağırışın əsaslarının dəyişdirilməsi məsələsinə baxılacaq"

Siyasət Materials 13 İyun 2007 15:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin payız sessiyasında hərbi xidmətə çağırışın əsaslarının dəyişdirilməsi məsələsinə baxılacaq. Bu barədə çərşənbə günü Bakıda hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Siyavuş Novruzov məlumat verib.

Deputat qeyd edib ki, məsələ ilə bağlı parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasına təkliflər daxil olub. Onun fikrincə, əhali Milli Məclisin dekabr ayında qəbul etdiyi "Hərbi çağırışın əsasları haqqında" qanunun bəzi müddəalarından narazıdır.

"Hər bir deputatın qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüquqi var. Parlamentin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasında əhalidən daxil olan təkliflər əsasında layihə hazırlanır. Payız sessiyasında "Hərbi çağırışın əsasları haqqında" qanuna əlavə və dəyişikliklərin edilməsi məsələsinə baxılacaq" - deyə Novruzov bildirib.

Onun sözlərinə görə, təkliflər himayəsində ikinci qrup əlil olan şəxslərin, aspirantların və iki övladı olan çağırışçıların hərbi xidmətdən azad edilməsini nəzərdə tutur: "Bir vaxtlar çoxlu sayda insanlara saxta yolla ikinci qrup əlillik dərəcəsi verilib. İndi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bunu aradan qaldırır. Eyni zamanda, himayəsində həqiqi ikinci qrup əlil olanlar var. İndi həmin şəxsləri hərbi xidmətə aparırlar və əlil kimsəsiz qalır. Bundan başqa, 400 nəfər aspirant var ki, onları da hərbi xidmətə çağırırlar. Onlar arasında dövlətin ayırdığı külli miqdarda vəsait hesabına xaricdə təhsil alan şəxslər var. Onlar Azərbaycana qayıdan kimi hərbi xidmətə aparılır və bir il ərzində mütəxəssisliyini itirir. Ona görə də qeyd etdiyim kateqoriyalara aid olan şəxslər hərbi xidmətdən azad olunmalıdırlar". Növruzov hesab edir ki, iki övlad böyütmək asan iş deyil. Ona görə də himayəsində iki övlad olan şəxslər də hərbi xidmətdən azad olunmalıdırlar.

Milli Məclis dekabr ayında "Hərbi xidmətə çağırışın əsasları haqqında" qanuna əlavə və dəyişiklik edib. Həmin dəyişikliklərdən sonra ali məktəb məzunlarının, aspirantların və himayəsində ikinci qrup əlil olan çağırışçıların hərdi xidmətə çağırılmaması ilə bağlı möhlət ləğv olunub.

Xəbər lenti

Xəbər lenti