...

Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində yeni şöbələr təsis edilib

Siyasət Materials 19 İyul 2007 10:54 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin strukturunda dəyişikliklər aparılıb. Baş Prokurorluqdan cümə axşamı Trend ə verilən məlumata görə, baş prokurorun əmri ilə İdarənin tərkibində birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə və apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbələr təsis edilib.

Struktur dəyişikliklərinə əsasən, birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin əməkdaşlarına Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə, Əli Bayramlı, Gəncə, Sumqayıt, Şəki Apellyasiya məhkəmələrinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələrində, apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin əməkdaşlarına isə kassasiya instansiyası məhkəməsində və yeni fəaliyyətə başlayan beş Apellyasiya Məhkəməsində baxılacaq işlər üzrə dövlət ittihamının müdafiəsini həyata keçirmək vəzifələri həvalə edilib.Eyni zamanda hərbi məhkəmələrdə, Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən rayon (şəhər) məhkəmələrində və Bakı Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan rayon məhkəmələrində dövlət ittihamının müdafiəsinin keyfiyyətinin və səmərəsinin artırılmasının təmin edilməsi məqsədilə iş yükünün həcmi təhlil edilməklə prokurorluğun dövlət ittihamının müdafiəsini həyata keçirən müvafiq qurumlarının strukturunda əlavə ştat vahidləri təsis edilib.Yeni yaradılmış struktur qurumların ştat tərkibi əlavə olaraq daha 25 nəfər artırılmaqla peşəkar və təcrübəli, habelə 2002-ci ildə ilk dəfə test və söhbətdən ibarət müsabiqə əsasında prokurorluğa qəbul edilərək artıq müəyyən iş təcrübəsi toplamış gənc əməkdaşlar hesabına komplektləşdirilib və fəaliyyətinin təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.Regionlarda yeni Apellyasiya məhkəmələrinin yaradılması ilə əlaqədar olaraq dövlət başçısının fərmanı ilə Baş Prokurorluğa məhkəmələrdə dövlət ittihamının müdafiəsi işinin təşkilində müvafiq dəyişikliklər aparılması tövsiyə edilib.

Xəbər lenti

Xəbər lenti