...

Azərbaycan siyasi xadimləri Gürcüstanda Azərbaycan məktəblərinin bağlanması təşəbbüsünə etiraz edir

Siyasət Materials 19 İyul 2007 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Gürcüstanda Azərbaycan məktəblərinin bağlanması işsizlik və miqrasiya problemlərini artıracaq. Bu fikirlər cümə axşamı Bakıda keçirilən Gürcüstan azərbaycanlılarının problemlərinə həsr olunmuş Dəyirmi masada səsləndirilib.

Politoloq Vəfa Quluzadə bildirib ki, dünyanın hansı nöqtəsində qədim Azərbaycan torpaqları varsa, Azərbaycan dövləti oranı diqqətdə saxlamalı, soydaşlarımızın problemlərinin həllinə çalışmalıdır: "Ermənilər digər Azərbaycan torpaqlarına - Naxçıvana da iddia edirlər. Amma Azərbaycanda isə bəyan edirlər ki, Gürcüstanda azərbaycanlılar öz dilində təhsil almamalıdır. Biz də istəyirik, Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini bilsinlər, amma bunun üçün məktəbləri bağlamaq yox, başqa mexanizmləri tapmaq lazımdır".

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə çıxışında bildirib ki, ən azı Borçalının qədim Azərbaycan torpağı olması barədə ictimai rəyi gücləndirmək olar və bununla Gürcüstanı oradakı azərbaycanlıların problemlərinin həlli üçün addımlar atmağa vadar etmək mümkündür: "Gürcüstan hökuməti bilməlidir ki, azərbaycanlılar onun dövlətçiliyinin qarantıdır. Azərbaycanlılar ya Gürcüstanda qalıb bütün hüquqları tanınan vətəndaşlar olmalı, ya da bu, yerinə yetirilməyəcəksə, Azərbaycan öz iddialarını irəli sürməlidir".

Digər millət vəkili Nəsib Nəsibli qeyd edib ki, Gürcüstanda Azərbaycan məktəbləri bağlanarsa, altı-yeddi min azərbaycanlı təhsil işçisi işsiz qalacaq və gürcüləşdirilən məktəblərə eyni sayda gürcü müəllimləri tapmaq mümkün olmayacaq: "Azərbaycan-Gürcüstan münasibətləri rəsmi Tbilisinin Borçalıya münasibətindən asılı olmalıdır. Gürcüstanda Azərbaycan məktəblərinin bağlanması və tam gürcü dilində təhsil verilməsi təklifi isə məntiqsizdir. Biz yalnız gürcü dilində təhsil alan və öz ana dilində ərizə belə yaza bilməyən azərbaycanlıları sadəcə itirəcəyik".

Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov qeyd edib ki, Gürcüstanda yaşayan azərbaycanlıların probleminin tam emosiyasız, soyuqqanlıqla və dövlət səviyyəsində həllinə çalışmaq lazımdır: "Azərbaycanın Ermənsitan problemi var, bir də Gürcüstan problemi yaradılmamalıdır".

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu qeyd edib ki, Gürcüstanda əhalinin sayı azaldığı üçün dövlət tərəfindən qoruyucu tədbirlər görülür, digər xalqların hesabına gürcü millətinin sayının artırılması, bu məqsədlə gürcü dilində təhsilin genişləndirilməsi siyasəti aparılır. Millət vəkili Gürcüstandakı Azərbaycan məktəblərinin saxlanması, dərsliklərlə təmin edilməsi üçün Azərbaycanda fond yaradılmasını təklif edib. Qəzənfəroğlu hesab edir ki, Gürcüstanın azərbaycanlılarla bağlı nə etməli olduğunu Azərbaycan dövləti ondan tələb etməlidir.

Xatırladaq ki, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Gürcüstandakı Azərbaycan məktəblərinin bağlanması təşəbbüsü ilə çıxış edib.

Xəbər lenti

Xəbər lenti