...

Millət vəkili: Müxalifət partiyaları 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməlidirlər

Siyasət Materials 21 Avqust 2007 13:33 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Müxalifət partiyaları 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak etməlidirlər. Bu barədə çərşənbə axşamı Bakıda müxalifəti təmsil edən Müsavat deputat qrupunun üzvü, sabiq baş nazir Pənah Hüseyn bildirib.

"Mən seçkidə iştirak etməyin tərəfdarıyam", - deyə millət vəkili qeyd edib.

Müxalifət düşərgəsində 2008-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edib-etməməklə bağlı fikir ayrılığı yaranıb. Ölkənin aparıcı siyasi birliyi olan "Azadlıq" blokunda təmsil olunan partiyalar- Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf partiyaları və Milli Birlik Hərəkatı hesab edirlər ki, seçki qanunvericiliyində dəyişiklik edilməsə və seçki komissiyaları müxalifət və iqtidar nümayəndələrinin iştirakı ilə paritet əsaslarla formalaşdırılmasa prezident seçkilərində iştirak etmək olmaz. Onların bu mövqeyini Açıq Cəmiyyət Partiyasının lideri, hazırda ABŞ-da mühacirətdə olan keçmiş spiker Rəsul Quliyev də dəstəkləyir.

Müsavat, Milli İstiqlar və digər partiyalar isə hesab edirlər ki, 2008-ci ilin prezident seçkilərində iştirak etmək lazımdır.

Hüseyn qeyd edib ki, prezident seçkilərinin boykot olunmasını təklif edən qüvvələrin arqumentləri də kifayət qədər ciddidir. Onun fikrincə, seçkidə iştirakın tərəfdarları ilə əlehdarları bir araya gələrək ciddi müzakirələr aparlamadırlar ki, ümumi siyasi mövqeyi müəyyənləşdirmək mümkün olsun.

"Bu müzakirələr heç bir şərt irəli sürülmədən və tərəflərin öz mövqelərini bir-birinə diqtə etmədən aparılmalıdır. Dərhal qərar qəbul etmək o qədər də vacib deyil. Çünki seçkilərə hələ xeyli vaxt var", - deyə millət vəkili bildirib.

Hüseyn vurğulayıb ki, baykot tərəfdarları seçki qanunvericiliyinin dəyişdirilməsi, seçki komissiyalarının paritet əsaslarla formalaşdırılması və siyasi qüvvələrə bərabər şəraitin yaradılması şərtlərini irəli sürüblər və nəzəri baxımdan həmin şərtlər yerinə yetirilə bilər və seçkidə iştirak məsələsi yaranar. Ona görə də seçkiyə hazırlaşmaq lazımdır. Çünki seçki ciddi hazırlıq və vaxt tələb edir: "Ən azı ümumi hazırlıq olmalıdır və buna başlamaq lazımdır"

Seçkinin baykot olunmasını təklif edən "Azadlıq" blokunun həmsədri, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bildirib ki, onlar seçkidə iştirak tərəfdarları ilə müzakirələrə hazırdırlar.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib ki, təmsil etdiyi siyasi təşkilat seçkidə iştirak etməyi planlaşdırır: "Biz müxalifətin ümumi mövqeyinin müəyyənləşdirilməsi üçün istənilən müzakirələrə hazırıq".

Azərbaycanda növbəti prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçiriləcək.

Xəbər lenti

Xəbər lenti