...

Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altından çıxarılmış üç cəsədin şəxsiyyətini müəyyənləşdirmək hələlik qeyri-mümkündür – Əlavə olunub

Siyasət Materials 30 Avqust 2007 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / İ.Əlizadə/ Bakıda uçmuş 16 mərtəbəli binanın dağıntıları altından çıxarılmış üç cəsədin şəxsiyyətini müəyyənləşdirmək hələlik qeyri-mümkündür. Bu barədə cümə axşamı Azərbaycanın fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə məlumat verib.

Onun sözlərinə görə, mərhumların cəsədləri tanınmaz hala düşdüyündən onların şəxsiyyətini müəyyənləşdirilmək çətindir. Tağızadə hesab edir ki, dağıntıların altında sağ insanların qalması ehtimalı o qədər də böyük deyil və bu səbəbdən də nazirlik ərazini qısa müddətə dağıntılardan təmizləmək məqsədilə axtarış işlərinə daha çox texnika cəlb etmək niyyətindədir.

Avqustun 28-də çərşənbə axşamı Bakıda Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində yerləşən 16 mərtəbəli bina uçub. İlkin məlumatlara əsasən, binanın uçmasının səbəbləri tikinti zamanı təhlükəsizlik qaydalarının kobud pozulması olub. Son rəsmi məlumatlara görə, qalıqlar altından çıxarılan həlak olmuş insanların sayı 11-ə çatıb.

Fövqəladə Hallar Nazirliyi ilə Bakı şəhər icra hakimiyyəti "Mütəfəkkir" şirkəti tərəfindən inşa edilən üç binada yoxlamalara başlayıblar. Çərşənbə axşamı Bakıda uçan 16 mərtəbəli bina sözügedən şirkət tərəfindən inşa olunmuşdur. Bu barədə cümə axşamı Yasamal rayonu icra hakimiyyəti rəhbərinin müavini Səməd İslamov məlumat verib.

İcra hakimiyyətinin nümayəndəsinin sözlərinə görə, yoxlanılacaq binalar "Mütəfəkkir" şirkəti tərəfindən Naxçıvani və Muxtarov küçələrinin kəsişməsində, uçan binanın yaxınlığında yerləşir. İslamov dəqiq ünvanları açıqlamaqdan imtina edib.

Eyni zamanda, yaxınlıqda "Afina" MTK şirkəti tərəfindən inşa etdirilən binaların yoxlanılması həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti