Azərbaycan, Bakı / Trend , müxbir K.Ramazanova/ Rusiya 2008-ci ilin ikinci rübündə MDB dövlətləri ərazisində terrorizm və digər təhlükələrlə mübarizə sahəsində birgə, kompleks tədbirlərin keçirilməsi təklifini dəstəkləyir. Bu barədə cümə günü Bakıda Rusiyanın daxili işlər naziri Rəşid Nurqəliyev bildirib.
"Daxili təhlükəsizliyi təmin etməyə hazır olmaq, terrorizm, ekstremizm təhlükələrinin qarşısını almaq üçün biz birgə, xüsusi təlimlər keçirməliyik" - deyə Nurqəliyev bildirib.
MDB ölkələrinin daxili işlər nazirləri şurasının ikigünlük iclasının yekunlarına həsr olunmuş mətbuat-konfransında rusiyalı nazir bildirib ki, görüləcək işin səmərəliliyi təlimlərdən asılıdır. "Kadrların hazırlanması da aktual mövzudur. 21-ci əsrdə mövcud olan təhlükələr bizdən yeni səviyyədə mütəxəssislərin hazırlanmasını tələb edir" - deyə Nurqəliyev əlavə edib.
Onun sözlərinə görə, ötən illər ərzində Rusiyada DİN xətti ilə dörd min nəfərdən çox mütəxəssis hazırlanıb. MDB dövlətlərindən Rusiyada 600-dən çox işçi təlim keçir. Daha 155 dinləyicinin qəbul olunması planlaşdırılır.
Nurqəliyev bəyan edib ki, MDB dövlətlərinin nazirləri beynəlxalq axtarış üzrə təlimatı təsdiq ediblər. Mart ayında Rusiya ərazisində MDB ölkələrində axtarılan 172 nəfər saxlanıb. Eyni zamanda, Birlik ölkələrində Rusiyada axtarılan 123 nəfər tapılıb.
Nazirin sözlərinə görə, bu nəticələr MDB dövlətlərinin mühüm icraçı orqanı olan daxili işlər nazirləri şurasının işinin sistemliliyindən, səmərəliliyindən xəbər verir.