...

Qobustan həbsxanasında aclıq edən məhkumlara müəssisə tərəfindən təzyiqlər güclənib

Cəmiyyət Materials 20 Sentyabr 2007 13:15 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K.Zərbalıyeva/ Qobustan həbsxanasında aclıq edən ölüm cəzası ömürlüklə əvəzlənmiş məhkumlara müəssisənin rəhbərliyi tərəfindən təzyiqlər güclənib. Beynəlxalq ömürlük həbs cəzası çəkən məhkumların yaxınlarının Komitəsindən cümə axşamı Trend ə bildirilib ki, aksiya keçirən məhkumların səhhəti ilə bağlı problem yaransa da, onlara tibbi yardım göstərilmir. Məhkumlardan Aydın Rzayevin ürək ağrıları şiddətlənib. Məhkumlar onun həbsxananın tibb hissəsinə köçürülməsini tələb edir. "Lakin həbsxana rəisi Rzayevi nəinki xəstəxanaya köçürür, ona ilkin yardım belə göstərmir" - deyə məhkumların qohumları bildirib.

Məhkumlar hesab edir ki, Azərbaycanda ölüm cəzasının ləğvindən sonra cəzaları ömürlüklə deyil, o zaman Cinayət Məcəlləsində ən ağır cəza olan 15 il azadlıqdan məhrumetmə cəzası ilə əvəzlənməlidir.

Həbsxanada cəza çəkən 20 nəfər "ömürlük" sentyabrın 12-dən cəzalarının 15 ilə endirilməsi tələbi ilə aclığa başlayıb.

Komitə üzvləri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinə aclıq edən məhkumlara baş çəkmək üçün dəfələrlə müraciət etsə də, BQXK-nin nümayəndələri məhbuslarla görüşməyiblər: "Bizə nümayəndəlikdən dedilər ki, onlar cəzaçəkmə müəssisələrinə növbə ilə gedirlər. Növbə çatanda Qobustan həbsxanasına da gedəcəklər".

Qobustan həbsxanasında 84 məhkum cəza çəkir. Ölüm cəzasının ləğvindən sonra belə məhkumların sayı 128 nəfər olub.

İnsan Haqları üzrə Avropa Məhkəməsinin Əlikram Hümbətovun şikayəti ilə bağlı qərarında qeyd olunub ki, ölümə məhkum olunmuşların cəzalarının ömürlüklə əvəzlənməsi Avropa Konvensiyasının müddəalarına uyğundur. Avropa Məhkəməsi burada bir neçə məqama diqqət yetirib. Qeyd olunub ki, ömürlük azadlıqdan məhrumetmə cəzası bütün hallarda ölüm cəzasından yüngüldür. Bu, ağır cəza kimi qəbul edilə bilməz.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr idarəsindən Trend ə bildirilib ki, aclıq edən məhkumlara hər hansı təzyiqin göstərilməsi ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. "Həbsxanada 4 məhkum aclıq edir və onların səhhəti ilə bağlı problemləri yoxdur. Aclıq edənlər həkim nəzarətindədirlər" - deyə Xidmətdən bildirilib.

Xəbər lenti

Xəbər lenti