...

Sabiq səhiyyə naziri ekspert komissiyasının yaradılmasını və müayinədən keçirilməsini tələb edir

Cəmiyyət Materials 25 Sentyabr 2007 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir K. Zərbalıyeva/ Sabiq səhiyyə naziri mütəxəssislərdən ibarət həkim- ekspert komissiyasının yaradılmasını və müayinədən keçirilməsini tələb edir. Bu barədə çərşənbə axşamı Trend ə məlumat verən Əli İnsanovun vəkili Toğrul Babayev bildirib.

Əli İnsanovun onurğa sütununda "yırtıq" olduğu həkim rəyi ilə təsdiqlənib. Bu xəstəliklə əlaqədar o, həbsindən əvvəl Almaniyada dəfələrlə müalicə alıb.

Vəkil deyib ki, bu gün 1 saylı İstintaq Təcridxanasının tibb-sanitar hissəsinin rəisi Etibar Qarayev və həbsxana rəhbərliyi İnsanova, onurğa sütunundakı yırtıqla bağlı müayinə olunmaq üçün, klinikaya köçürüləcəyini xəbər veriblər.

Vəkil İnsanovun köçürüləcəyi klinikanın adının onlara məlum olmadığını deyib. Babayev bildirib ki, İnsanov bu xəstəliklə bağlı dəfələrlə, Almaniyanın Münhen şəhərindəki Klinikada və Milli Təhlükəsizlik nazirliyinin həkim- ekspert qrupu tərəfindən müayinə olunduğunu diqqətə çatdırıb.

Sabiq nazir mütəxəssis olmayan bir şəxsin onun müayinəsi baədə verdiyi qərarla razılaşmayıb. "İnsanov rentgen şüaları ilə işləyən kompyuter tomoqrafiyası zamanı ona yüksək rentgen şüaları veriləcəyindən ehtiyat edir"-deyə vəkil bildirib.

Sabiq nazir bu səbəbdən də müayinə olunmaq üçün fəaliyyətindən xəbərsiz olan bir klinikaya köçürülməkdən imtina edib.

Sabiq nazir hazırda Penitensiar Xidmətin Bayıldakı 1 saylı istintaq təcridxanasında saxlanılır.

Sabiq nazir məhkəmə prosesi zamanı Bayıldakı İstintaq Təcridxanasında qırx gündən artıq saxlanıldığını, dəfələrlə müraciətlərinə baxmayaraq, onun stasionar müalicə olunması üçün şərait yaradılmadığını bildirir. İnsanov əvvəllər ölüm cəzasına məhkum edilmiş şəxslərin kamerasında saxlanmasından, indi isə yarımzirzəmi kameraya salınmasından şikayətlənir. Sabiq nazirin kamerasının havasının rütubətli, üfunətli və insan həyatı üçün təhlükəli olduğu bildirilir.

Dövlət çevrilişinə cəhd, kütləvi iştişaşlara hazırlığa görə 2005-ci ilin oktyabrında həbs olunmuş sabiq səhiyyə naziri bu il məhkəmənin hökmü ilə korrupsiya cinayətlərində təqsirli bilinərək əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun barəsindəki hökmü qüvvədə saxlayıb. Bu qərardan onun vəkilləri Ali Məhkəməyə kassasiya şikayəti verib.

Xəbər lenti

Xəbər lenti