Azərbaycan, Bakı Trend müxbir İ.Əlizadə/ Bakı Şəhər İcra Hakimiyyəti insan hüquqlarının müdafiəsi ilə bağlı dekabrın 8-də paytaxtın "Ukrayna dairəsi" meydanında etiraz aksiyası keçirilməsinə icazə verməyib. Bu barədə cümə axşamı Trend ə açıqlamasında Söz Azadlığının Müdafiə Komitəsinin üzvü, "Gündəlik Azərbaycan" qəzetinin şef redaktoru Şahvələd Cobanoğlu məlumat verib.
"Bakı Şəhər İcra Hakimiyyəti paytaxtın kənarında olan Bibiheybət ərazisində yerləşən Neftayırma zavodunun meydanınada aksiya keçirilməsinə icazə verib. Lakin biz paytaxt icra hakimiyyətinə göndərdiyimiz məktubda "Ukrayna dairəsi" meydanında aksiya keçirilməsinə icazə verilməsini istəmişdik. Təşkilatçılara göndəriləin cavab məktubunda "Ukrayna dairəsi" meydanında mitinqə icazə verilməməsinə heç bir səbəb göstərilməyib və izahat verilməyib" - deyə Cobanoğlu əlavə edib.
"Ukrayna dairəsi" meydanı Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi qərarı ilə aksiyaların keçirilməsi üçün müəyyənləşdirilmiş ərazilərdən biridir. Bununla bağlı icra hakimiyyəti başçısının rəsmi sərəncamı mətbuatda dərc olunub. "Ukrayna dairəsi" meydanı da paytaxtın qismən kənarında yerləşir.
Şef redaktor qeyd edib ki, hazırda təşkilatçılar icra hakimiyyəti tərəfindən ayrılan əraziyə baxış keçirirlər: "Təşkilatçılar mitinqi təxirə salmaq istəmirlər. İstənilən halda aksiya keçiriləcək. Amma əraziyə baxış keçirildikdən sonra məsələ bir daha müzakirə olunub, qərar qəbul ediləcək".
Onun fikrincə, Bakı Şəhər İcra Hakimiyyəti bu qərarla güclü mitinqin keçirilməsinin qarşısını almaq istəyir.
İcra hakimiyyəti şənbə günü saat 14.00-dan 18.00-dək aksiyanın keçirilməsinə icazə verib.
Aksiyanın təşkilatçısı Söz Azadlığının Müdafiə Komitəsidir və aksiya Ümumdünya İnsan Hüquqlarının Müdafiəsi günü ilə bağlı keçirilir.