...

Media Hüququ İnstitutu Azərbaycanda böhtan və təhqirlə bağlı məhkəmə işlərinin monitorinqinin nəticələrini açıqlayıb

Cəmiyyət Materials 10 Dekabr 2007 14:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Əlizadə/ Azərbaycanda jurnalistlərin müdafiəsi ilə məşğul olan Media Hüququ İnstitutu hesab edir ki, ölkə məhkəmələri söz azadlığının müdafiəsi, böhtan və təhqirə görə məhkəmə iddialarının qabaqcıl meyarlara uyğun araşdırılması üçün lazımi cəhdlər, məsuliyyət və peşəkarlıq göstərə bilmir. "2005-ci illə müqayisədə bu il hökuməti tənqid edən mətbuat nümayəndələrinin məhkəmələrə müraciəti 10 dəfə artıb" bazar ertəsi institutun direktoru Rəşid Hacılı 2007-ci ildə böhtan və təhqirlə bağlı məhkəmə işlərinin monitorinqinin nəticələrinə dair keçirdiyi mətbuat konfransında bildirib.

Hazırda Azərbaycanda 9 nəfər jurnalist həbsdədir, 8-i məhkum, biri təqsirləndirilən şəxsdir. "Müxalifət" qəzetinin baş redaktoru Rövşən Kəbirli, əməkdaşı Yaşar Ağazadə, "Nota-bene" qəzetinin əməkdaşı Fərəməz Allahverdiev, "Gündəlik Azərbaycan"-"Realnıy Azerbaydjan" qəzetlərinin baş redaktoru Eynulla Fətullayev "təhqir" və "böhtan" cinayətlərinə görə 2 il yarım həbs cəzası alıblar. "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidov "xuliqanlıq, qəsdən sağlamlığa zərər vurma", əməkdaşı Sakit Zahidov "qanunsuz olaraq narkotik gəzdirmə", "Sənət" qəzetinin baş redaktoru Samir Sədaqətoğlu və yazarı Tafiq Tağı "irqi, milli, sosial, dini nifrət və düşmənçiliyin salınması" cinayətlərində təqsirləndiriliblər.

Hacılı deyib ki, hökumət nümayəndələrinin tənqidçi jurnalistikaya dözüm göstəricisi ötən illərlə müqayisədə bu il dəfələrlə azalıb. "Böhtan və təhqirlə bağlı işlərə baxarkən məhkəmələr Avropa Məhkəməsinin ifadə azadlığı ilə bağlı presedent hüququnu müəyyən etdiyi meyarlardan, başqa qabaqcıl təcrübələrdən istifadə etməyib, söz azadlığının sıxışdırılmasına, məhdudlaşdırılmasına xidmət edən düşüncələrə söykəniblər" - Hacılı əlavə edib.

2007-ci ildə böhtan və təhqir adı altında mülkü məhkəmə işlərində iddiaçılar mətbuatdan, jurnalistlərdən üst-üstə 12 mln. 460 min 684 manat miqdarında mənəvi dəyər əvəzi cərimə tələb ediblər.

Xəbər lenti

Xəbər lenti