...

"Muğam star 2"nin iştirakçılar arasında elə ifaçılar var ki, sabahın xanəndələri ola bilərlər"- xalq artisti Ağaxan Abdullayev

Cəmiyyət Materials 24 Dekabr 2007 18:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dekabr /müx. TrendLife Türkan İmaməliyeva/

Muğam müsabiqəsinə start verilən gündən layihəyə böyük maraq yaranıb. Xüsusilə də münsiflərin iştirakçılar barədə rəyləri hamı üçün maraqlıdır. Müsabiqənin icraçısı Nadir Axundov TrendLife-a açıqlamasında ilk muğam yarışması "Space" telekanalında yayımlanarkən qaliblərin SMS-lə müəyyənləşdirilməsi bəzi problemlərə səbəb olurdu: "Bəzən yaxşı ifaçı imkansızlıq üzündən müsabiqəni tərk edirdi, pulu olansa, qabağa gedirdi. Əslində, muğam müsabiqəsində SMS yolu ilə qalib seçmək düzgün metod deyildi. O zaman çox qapılar döysəm də, muğam yarışmasına pul qoymaq istəyən tapılmadı. Kimə üz tuturdumsa, hamısı əyləncəli şou-proqrama sponsorluq edə biləcəklərini bildirirdi. Elə bizim bəlamız da bundadır ki, bu gün milli musiqimizə bəzən laqeyd, biganə münasibət hiss olunur. Ancaq onu da deyim ki, Mehriban xanımın şəxsi təşəbbüsü ilə bu gün AzTV-də Muğam müsabiqəsi SMS-siz keçirilir. İştirakçılara obyektiv qiymət verilərkən peşəkar xanəndələrdən fikirləri əsas götürülür. Yəni qeyri-obyektivlikdən söhbət gedə bilməz. Bizə gələn minnətdarlıq məktubları da buna əyani sübutdur".

Xalq artisti Arif Babayevin sözlərinə görə, bir neçə il əvvələdək muğama biganəlik, restoran musiqisinə meyl mövcüd idi: "Amma bu gün belə müsabiqənin keçirilməsi onu sübut edir ki, həqiqətən, Azərbaycan xalqı muğama bağlıdır və hələ də istedadlı gənclərimiz yetişir. Biz nə qədər müasirləşsək də, bu xalqın ruhu muğamla yoğrulub. Ona görə də, nə qədər müasir musiqi evlərimizə daxil olsa da, muğamın xüsusi yeri var. Biz münsiflər də çalışırıq ki, müsabiqə boyu istedadlara dəstək olaq. Bir də ki, bizdən əlavə,8 milyon tamaşaçı onları dinləyir. Kimin səsinin nə qədər gözəl olub-olmadığını onlar bizdən də yaxşı bilirlər. Sevinirəm ki, artıq biz xanəndələr öz yerimizi gənc muğam ifaçılarına təhvil verə bilərik. Əgər bizim Elməddin, Güllü kimi gözəl muğam ifaçılarımız yetişirsə, narahatlığa səbəb yoxdur. Qaldı özümün kimisə dəstəkləməyimə, ad açıqlamaq istəmirəm. Sadəcə, onu deyirəm ki, favoritim var".

Xalq artisti Səkinə İsmayılova da muğam müsabiqəsinin keçirilməsini milli musiqimizə dəstək hesab edir. Yeri gəlmişkən, o, müsabiqədə xanım iştirakçıların qalib olmasını arzulayır: "Bu gün səhnədə çıxış edən istedadlı gəncləri görəndə çox sevinirəm. Düşünürəm ki, zəhmətimiz əbəs deyil. Bizim davamçılarımız yetişir. Ancaq nə gizlədim, daha çox xanım ifaçıları dəstəkləyirəm. Bir sənətçi kimi, iştirakçıların hər birinə üzümü tutub deyirəm ki, Səkinə İsmayılovadan istənilən dəstəyi gözləyə bilərlər. Biz çalışırıq ki, hər birinə qarşı obyektiv olaq. Çünki burada söhbət həm də bizim illərlə qazandığımız hörmətin qorunmasından gedir. İstedadlı gənci dəstəkləməsək, xalq qarşısında qazandığımız hörməti itirərik, ya da əksinə, ona görə də bu məsuliyyəti hər bir münsif hiss edir".

Xalq artisti Ağaxan Abdullayev da bildirdi ki, muğama diqqətin artırılmasını vacib sayır: "Biz məhz muğam vasitəsilə dünya arenasına çıxanda, qədim xalq olduğumuzu söyləyə bilərik. Bu gün o da bir həqiqətdir ki, muğamı bütün dünya qəbul etməyə başlayıb. Fransız, ispan, amerikalı dilimizi bilməsə də, muğamımızı dinləyəndə yüksək qiymət verir. Muğamın təbliği də bir siyasətdir. Qaldı, iştirakçılarla bağlı sorğunuza, hər birinə özünəməxsus şəkildə hörmət edirəm. Onlarda istedad var. Baxmayaraq ki, bəziləri hərdən tənbəllik edir. Elməddin, Güllü kimi gəncləri olan xalq öyünə bilər. Biz çalışmalıyıq ki, nə qədər müasirliyə meyl göstərsək də, milli irsimizdən, milli musiqimizdən uzaqlaşmayaq".

Xalq artisti Mənsum İbrahimovun müsabiqə barədə fikirləri belə oldu: "Bundan əvvəlki müsabiqədə də münsif idim. Ancaq özümü rahat hiss etmirdim. Çünki sonda iştirakçıların taleyini SMS həll edirdi. Bu gün keçirilən müsabiqə isə, fərqlidir. İştirakçılar pulla deyil, peşəkarların qiyməti ilə yerlərini tuturlar. Məhz bu amil müsabiqənin səviyyəsinə təsirini göstərir. Çalışırıq ki, hər bir iştirakçıya obyektiv yanaşaq. Müsabiqədə Elməddinin çıxışlarını dinləyəndən sonra bir daha əmin olursan ki, bu xalqın gələcəkdə də istedadlı ifaçıları olacaq. Buna görə sevinməyə dəyər".

Xəbər lenti

Xəbər lenti