...

Azərbaycan insan hüquqları sahəsində yeni qanun layihələri hazırlayacaq -Prezident Aparatının rəsmisi (video)

Cəmiyyət Materials 30 Yanvar 2008 11:40 (UTC +04:00)
Azərbaycan insan hüquqları sahəsində yeni qanun layihələri hazırlayacaq -Prezident Aparatının rəsmisi (video)

Azərbaycan, Bakı, 30 yanvar/ Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanda insan hüquqlarının müdafiəsini təmin etmək məqsədilə bir sıra yeni qanun layihələri hazırlanıb və qəbul olunmaq üçün Milli Məclisə təqdim olunacaq. Bu barədə çərşənbə günü insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq olunmasının birinci ilinin nəticələrinə həsr olunmuş konfransdakı çıxışı zamanı Prezidentin İcra Aparatının şöbə müdiri Fuad Ələsgərov məlumat verib. O bildirib ki, "Sərbəst toplaşmaq haqqında" qanun layihəsinin hazırlanmasında Avropa Şurasının Venesiya komissiyasının rəyi nəzərə alınacaq və qanunun Milli Məclisin yaz sessiyasında qəbulu nəzərdə tutulub. Şəxslərin azadlığı, şəxsi toxunulmazlıq hüququnun müdafiəsinə yönələn "Həbs yerlərində saxlanılan və təqsirləndirilən şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Hərbi qulluqçuların intizam həbsi haqqında" qanun layihələrinin hazır olduğunu deyən Ələsgərov bu sənədlərin hazırlanması zamanı beynəlxalq standartların nəzərə alındığını bildirib. Prezidentin İcra Aparatının şöbə müdiri cinayət qanunvericiliyində Mülkü Prosessul Məcəllənin beynəlxalq standartlara uyğunlaşdırılması üçün beynəlxalq təşkilatlarla birgə iş aparıldığını və həmin sənədlər üzərində işin artıq başa çatdığını deyib. O, həmçinin bildirib ki, Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi şurasının tərkibi yaxın zamanlarda təsdiq olunacaq. Ombudsman Aparatının təşkilatçılığı ilə keçirilən konfransda dövlət strukturlarının, QHT-lərin, beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələri iştirak ediblər. İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı 2006-cı ilin dekabrında qəbul olunub.

Xəbər lenti

Xəbər lenti