...

Dövlət Komitəsi Azərbaycana idxal olunan 140 dini kitabın yayımına icazə verməyib

Cəmiyyət Materials 4 Fevral 2008 12:58 (UTC +04:00)
Dövlət Komitəsi Azərbaycana idxal olunan 140 dini kitabın yayımına icazə verməyib

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbr E.Hüseynli/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ötən il 750 adda dini ədəbiyyata baxıb və dini dözümsüzlüyü, ayrı-seçkiliyi təbliğ edən 140 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Bu barədə bazar ertəsi Trend ə Komitənin mətbuat xidmətindən məlumat verilib.

Ölkəyə gətirilən dini kitablara rəy verilməsi üçün ötən il Komitədə ekspertiza şöbəsi yaradılıb. Ekspertiza şöbəsi dini dözümsüzlüyü təbliğ edən kitabların Azərbaycanda yayımına qadağa qoyan rəy verir.

Məlumata görə, ötən illərlə müqayisədə 2007-ci ildə Azərbaycana idxal olunan dini kitablar xeyli artıb. Ona görə də ötən il qeyri-qanuni yollarla dini ədəbiyyatın ölkəyə idxalının və yayılmasının qarşısının alınması məqsədilə Dövlət Komitəsi tərəfindən müvafiq dövlət qurumları ilə birgə tədbirlər gücləndirilib.

Dövlət Komitəsi dini sahədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə ötən ilin iyulundan başlayaraq ölkənin bütün şəhər və rayonlarında 138 seminar-treninq keçirib. Müxtəlif mövzularda keçirilən seminar-treninqlərin təşkilində məqsəd radikal dini qrupları zərərsizləşdirmək, qeyri-ənənəvi təriqətlərin təbliğatının qarşısını almaq, milli-mənəvi dəyərləri, tarixi-dini abidələri və ölkədəki tolerantlıq mühitini qoruyub-saxlamaq, eləcə də Azərbaycanda dövlət-din münasibətlərini tənzimləyən qanunvericilik bazasını geniş və əhatəli şərh etməkdir.

Ötən il ərzində, həmçinin Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə paytaxtın Əzizbəyov rayonunun Binə qəsəbəsində Möhsin Səlim və İmam Rza məscidlərində, Mərdəkan qəsəbəsində Pirhəsən ziyarətgahında, Gəncə şəhərində Şah Abbas və həzrəti Zeynəb məscidlərində yenidənqurma və bərpa işləri aparılıb.

Xəbər lenti

Xəbər lenti