...

Azərbaycan Ali Məhkəməsi müxalifət liderinin şikayətini qismən təmin edib

Cəmiyyət Materials 15 Fevral 2008 12:29 (UTC +04:00)
Azərbaycan Ali Məhkəməsi müxalifət liderinin şikayətini qismən təmin edib

Azərbaycan, Bakı, 15 fevral / Trend İ.Əlizadə/ Azərbaycan Ali Məhkəməsi müxalifəti təmsil edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə ümumvətəndaşlıq pasportunun verilməsilə bağlı kassasiya şikayətini qismən təmin edib. AXCP sədrinin vəkili Elçin Qəmbərov cümə günü Trend ə bildirib ki, Ali Məhkəmə Apellyasiya Məhkəməsinin qərarının ləğv olunması haqqında qərar qəbul edib.

"Ali Məhkəmə AXCP sədri ilə bağlı cinayət işinə mülki qaydada baxılmasına xitam verilməsi haqqında qərar qəbul edib. Qərara əsasən, Kərimli ilə bağlı cinayət işinə xitam verilməsi üçün cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Nəsimi rayon məhkəməsinə müraciət etməliyik" - deyə vəkil əlavə edib.

Qəmbərov bildirib ki, Ali Məhkəmənin qərarından narazıdırlar. Onun sözlərinə görə, Ali Məhkəmənin qərarını alan kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edəcəklər.

2006-cı ildə köhnə pasportun müddəti bitdikdən sonra Kərimli yeni pasport almaq üçün DİN Pasport Qeydiyyatı İdarəsinə müraciət edəndə ona bildirilib ki, haqqında Nəsimi rayon prokurorluğunda 1994-cü ildə Cinayət Məcəlləsinin qanunsuz silah-sursat saxlama maddəsilə açılan cinayət işinə xitam verilmədiyindən ona pasport verilə bilməz.

Vəkil deyib ki, cinayət-prosessual qanunvericiliyə görə, beş il müddətinə xitam verilməli olan bu cinayət işi 12 ildir açıq qalıb. Kərimli Nəsimi rayon məhkəməsinə müraciətində cinayət işinə xitam verilməsini tələb edib. Məhkəmə isə şikayəti təmin etməyib.

Nəsimi rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayəti də təmin olunmayıb.

Elə bu səbəbdən də Kərimli pasport ala bilmir. Partiya sədrinin müavini Həsən Kərimov isə mətbuata açıqlamasında bunu siyasi məsələ kimi qiymətləndirib. "Bununla hakimiyyət 2008-ci il prezident seçkiləri ərəfəsində Kərimlinin siyasi fəaliyyətinə əngəl törətmək məqsədi daşıyır" - deyə Kərimov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti