...

Xocalı soyqırımı Nyu-Yorkda anıldı

Cəmiyyət Materials 25 Fevral 2008 17:37 (UTC +04:00)

Fransa, Strasburq, 25 fevral / Trend , müxbir S.İlhamqızı/ Xocalı soyqırımının 16-cı ildönümü ilə əlaqədar ABŞ-ın Nyu-York şəhərində Türk Evində anım mərasimi keçirilib. Bu barədə bazar ertəsi Trend ə Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri məlumat verib.

Türk-Amerikan Dərnəkləri Federasiyası (TADF), Amerikan Azərbaycan Dərnəyi, Azərbaycan Amerikan Şurası və Universitetlərarası Türk Öyrənci Birliyi tərəfindən təşkil olunan toplantıda ABŞ-da yaşayan Azərbaycan, türk diasporu iştirak edib.

Mərasimdə erməni silahlı qüvvələri tərəfindən 1992-ci ildə fevralın 26-da Azərbaycanın Xocalı şəhərində amansızcasına qətlə yetirilmiş azərbaycanlıların xatirəsi yad edilib, bu vəhşiliklər pislənilib.

Nyu-Yorkdakı Baş konsulun müavini Başar Şən 1992-ci ildə ermənilər tərəfindən Xocalı şəhərinin yox edilməsi faktından danışıb.

TADF-in sədri Qaya Boztəpə bildirib ki, ABŞ-da yaşayan türklər yalançı erməni iddialarını, Qarabağda törətdikləri vəhşilikləri ABŞ ictimaiyyətinə anlatmalı, ABŞ Konqresi üzvləri ilə daim bu mövzuda əlaqə saxlamalıdırlar. O qeyd edib ki, 1915-ci Osmanlı İmpariyasında baş vermiş hadisələrlə bağlı Osmanlı arxivlərindəki tarixi faktları Nyu-Yorka gətirib, burada ermənilərə tutarlı cavablar vermək niyyətindədirlər. Amerika-Azərbaycan Cəmiyyətinin sədri Azəri bildirib ki, fevralın 26-da Ermənistanın BMT-dəki daimi nümayəndəliyinin binası qarşısında Xocalı soyqırımının ildönümü ilə əlaqədar etiraz nümayişi keçirəcəklər. Azəri əlavə edib ki, Xocalı soyqırımına aid Nyu-Yorka gətirilən fotolar Vaşinqtonda Georgetown Universitetində 3 gün ərzində sərgilənəcək. Azərbaycan diasporunun nümayəndəsi Yusif Babanlı Xocalı soyqırımında 106-sı qadın, 63-ü uşaq, 70-i qoca insanlardan ibarət olmaqla 613 nəfər azərinin vəhşicəsinə qətlə yetirildiyini, Ermənistanın hələ də Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxladığını diqqətə çatdırıb.

Adil Bağırov bildirib ki, yaxın günlərdə fəaliyyətə başlayacaq USE Azeri Network (ABŞ-Azəri şəbəkəsi) adlı internet saytında ABŞ Konqresi üzvlərinə müraciət ünvanlanması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti