...

Bakıda saxlanılan məhkumlar Naxçıvana köçürüləcək

Cəmiyyət Materials 29 Aprel 2008 13:53 (UTC +04:00)
Bakıda saxlanılan məhkumlar Naxçıvana köçürüləcək

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Naxçıvanda istifadəyə verilmiş yeni cəzaçəkmə müəssisəsinə və istintaq təcridxanasına paytaxda və regionlarda yerləşmiş cəzaçəkmə müəssisələrində cəza çəkən məhkumların köçürülməsinə yaxın günlərdə başlanacaq.

Azərbaycan ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib ki, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarında təqribən 300-dən artlıq Naxçıvan MR-də qeydiyyatda olan məhkumlar və istintaq altında olan şəxslər var. "Praktikamızda ilk dəfədir ki, kütləvi şəkildə məhkum daşınma olur. Ona görə də biz məhkumları rejim-rejim köçürəcəyik",-deyə Xidmətin rəisi vurğulayıb.

Bir neçə gün öncə Naxçıvanda Avropa standartlarına uyğun inşa olunmuş qarışıq rejimli yeni istintaq təcridxanası və cəzaçəkmə müəssisəsi istifadəyə verilib. Həmin müəssisələrdə hazırda 15 məhkum cəza çəkir.

Nazir müavini qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında Penitensiar Xidmət fəaliyyətə başlayıb. Yeni yaradılmış Penitensiar Xidmətə 400-dən yuxarı ştat vahidi verilib və hazırda xidmətdə 100-dən artıq əməkdaş çalışır.

Xidmətin Mərkəzi Aparatının formalaşdığını deyən nazir müavini bildirib ki, Naxçıvan MR-in ədliyyə nazirinin müavini Şahin Təhməzov PX-in rəisi təyin olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti