Azərbaycan, Bakı, 14 may /müx. TrendLife Eldar Hüseynzadə/
Bu yaxınlarda Bişkekdə ümumilli lider Heydər Əliyevin 85 illik yubileyinə və yazıçı Mircəlal Paşayevin 100 illiyinə həsr olunmuş konsert təşkil olundu. Konsertdə Azərbaycanın mədəniyyət xadimləri ilə yanaşı müğənni Lalə Məmmədova da iştirak edirdi. Qırxızıstanın paytaxtında keçirən tədbir haqqında müğənni Lalə TrendLife-a danışıb.
-Lalə xanım, mümükünsə keçən tədbir haqqında ətraflı danışardınız.
-Mədəniyyət və turizm nazirliyinin xətti ilə Bişkekdə ümumilli lider Heydər Əliyevin 85 illik yubileyinə və yazıçı Mircəlal Paşayevin 100 illiyinə həsr olunmuş konsert təşkil olundu. Tədbirdə azərbaycanın nümayəndə heyətləri deputat Nizami Cəfərov, Gülər Əhmədova Vaqif Ərzumanlı iştirak edirdi. Onu da xüsusi ilə vurğulamaq istəyirəm ki, tədbirdə xüsusi qonaq qismində yazıçı Çingiz Aytmatovda təşrif buyurmuşdu.
-Yəqin ki, sizin üçün ən yadda qalan məqam yazıçı Çingiz Aytmatovla görüşünüz oldu?
-Haqlısınız. Bunu heç vaxt unutmayacam. Konsertdən sonra banket təşkil olunmuşdu. Həmin banketə gələn qonaqlar Çingiz Aytmatovdan hədiyyə kimi kitab alırdılar. Mən də ona yaxınlaşıb, avtoqrafı olan kitab istədim. İndi çox xoşbəxtəm, çünki kitabxanamda onun şəxsi avtoqrafı olan kitabım var.
-Biz bildiyimizə görə, sizin səfəriniz bunula başa çatmır. Yaxın zamanlarda Minskə də yola düşəcəksiniz...
-Düzdür. Belarusiyada prezident seçkiləri qabağı Azərbaycan incəsənət ustalarının konserti təşkil olunacaq. Həmin tədbirdə mənimlə yanaşı bir çox əməkdar və xalq artistləri də iştirak edəcəklər. Qeyd edim ki, bu mənim Belarusiyada ilk çıxışım deyil. Novruz bayramında Minskdə Rüfət Mehdiyevlə bərabər çıxış etmişik.
-Yəqin ki, konsertdə yeni mahnılarınız səslənəcək?
-Əlbəttə. Hazırda yeni nömrələr üzərində işləyirəm. Bundan əlavə İsraildə çıxışım da gözlənilir.
-Deyəsən bu yaxınlarda sayca üçüncü olan albomunuz işıq üzü görəcək?
-Hər şey məndən asılı olsaydı, artıq albomum çoxdan çıxmışdı. Çoxlu çap olunmamış kompazisiyalarım var. Təssüflər olsun ki, Azərbaycanda disk və kasset satışı müğənniyə heç bir gəlir gətirmir.
-Bəyaqdan musiqidən söhbət edirik. Lakin siz musiqidən yox, ingilis dilindən dərs deyirsiniz. Niyə?
-Sözün düzü, mənə musiqidən dərs demək təklifini etmişdilər. Lakin vaxtın azlığından çatdıra bilmirəm. Hər dəfə çəklişlərdə, səfərlərdə oluram. Gələcəkdə əgər vaxtım olrsa, böyük məmuniyyətlə musiqidən də dərs deyəcəm.