Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə Premyer-Liqasının və ölkə kubokunun oyunlarında böyük dəyişikliklər olacaq. "Bizim əsas məqsədimiz ölkə futbolunda şəffaflığı təmin etməkdir. Nəticəsi əvvəlcədən razılaşdırılmış oyunların, çirkin işlərin qarşısını almağa çalışacağıq. Sizə söz verirəm ki, növbəti çempionat əvvəlki mövsümlərdən daha şəffaf keçəcək və böyük dəyişikliklərin şahidi olacaqsınız", çərşənbə axşamı Trend -a Peşəkar Futbol Liqasının (PFL) yeni prezidenti Ramin Musayev deyib.
Trend -un arayışı: Musayev PFL-in prezidenti seçilənə kimi "Neftçi" futbol klubunda vitse-prezident vəzifəsində fəaliyyət göstərib. Azərbaycanda əvvəllər də PFL fəaliyyət göstərib. Zakir Tağıyevin rəhbərlik etdiyi qurum müxtəlif səbəblərə görə fəaliyyətini dayandırdığı üçün, yeni PFL-in yaradılması qərara alınıb.
Azərbaycanın futbol üzrə Premyer-Liqasının 2007-2008-ci il mövsümündə nəticəsi əvvəlcədən razılaşdırılmış oyunlarla bağlı məşqçilər səvviyəsində ittihamlar olub.
PFL-in prezidenti deyib ki, qarşıdakı futbol mövsümündən etibarən keçirilən bütün oyunlardan əvvəl Azərbaycanın dövlət himni səsləndiriləcək. "Həm Premyer-Liqanın, həm ölkə kubokunun, həm də əvəzedici komandaların oyunlarından əvvəl Azərbaycanın dövlət himni səsləndiriləcək. Biz artıq qərara almışıq ki, Premyer-Liqa klublarının oyunlarından bir gün əvvəl onların əvəzedici komandalarının oyunları keçirilsin", - deyə Musayev əlavə edib.
Musayev bildirib ki, qarşıdakı günlərdə PFL-in idarə heyəti müəyyənləşəcək və bundan sonra görüləcək işlərin planı hazırlanacaq: "Hələ ki, köməkçilərim müəyyənləşməyib. PFL-in idarə heyəti tam hazır olandan sonra işə başlayacağıq. Sizi əmin edirəm ki, çempionatın sonunda hansısa klubun rəhbərliyi bizim işimizdən narazı olmayacaq".
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]