...

Azərbaycanın Premyer-Liqasında legioner limitinin ləğvi futbolun inkişafı yox, yeni biznes sahəsi deməkdir – AFFA-nın keçmiş prezidenti

Cəmiyyət Materials 8 İyul 2008 12:54 (UTC +04:00)
Azərbaycanın Premyer-Liqasında legioner limitinin ləğvi futbolun inkişafı yox, yeni biznes sahəsi deməkdir – AFFA-nın keçmiş prezidenti

Azərbaycan, Bakı, 08 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın Futbol Federasiyaları Assosiasiyasının sabiq prezidenti hesab edir ki, futbol üzrə Premyer-Liqada əcnəbi futbolçulara qoyulan limitin aradan götürülməsi ölkə futbolunu uçuruma aparacaq.

"Azərbaycanda legioner limitinin ləğvi inkişaf yox, yeni biznes sahəsi deməkdir. Bu, bizi uçuruma aparacaq", çərşənbə axşamı Trend -a AFFA-nın keçmiş prezidenti Fuad Musayev AFFA İcraiyyə Komitəsinin son qərarlarına münasibət bildirərkən deyib.

Trend News-un arayışı: Azərbaycanın futbol üzrə Premyer-Liqasının sonuncu mövsümündə klublara oyunlarda yeddi əcnəbi futbolçunun xidmətindən istifadə etməyə icazə verilib. Bu il iyulun 5-də AFFA-nın İcraiyyə Komitəsinin iclasında legionerlərə qoyular limitin ləğv olunması qərara alınıb.

Musayev AFFA-nın ilk pezidenti olub. O, on ildən artıq federasiyaya rəhbərlik edib. Musayevi AFFA-nın prezidenti vəzifəsində 2003-cü ildə mərhum Ramiz Mirzəyev əvəzləyib. Hazırda Futbol Federasiyasının prezidenti Rövnəq Abdullayevdir.

Musayev deyib ki, FİFA və UEFA legoner futbolçuların sayının artırılmasının qəti əleyhinədir. "Mən UEFA-İntertoto kubokunda "Jerminal"la oynayan "Neftçi"nin heyətinə baxdım. Əsas heyətdə cəmi dörd azərbaycanlı futbolçu var idi. Bu nə deməkdir? İngiltərə Premyer-Liqasında legionerlər hədsiz çoxdur. Elə buna görə də İngiltərə yığması sonuncu Avropa çempionatından kənarda qaldı", AFFA-nın sabiq prezidenti əlavə edib.

Musayev bildirib ki, yeni yaradılan Peşəkar Futbol Liqası (PFL) da legioner limitinin ləğvi kimi Azərbaycan futboluna heç bir xeyir verməyəcək. "AFFA rəhbərliyi bir tərəfdən Premyer-Liqada çıxış edən klubların sayını azaldıb 12 etmək istəyir, digər tərəfdən də PFL yaradır. Azərbaycanın futbol çempionatı elə böyük deyil ki, onu təşkil etmək üçün PFL lazım olsun. Bəs onda AFFA nə işlə məşğul olacaq? PFL-i o vaxt mən də yarada bilərdim. Amma istəmədim. Çünki bilirdim ki, buna görə başım ağrıyacaq. PFL-lə AFFA arasında tez-tez mübahisələr yaranacaq. Bunu zaman keçdikcə özünüz də görəcəksiniz. PFL Rusiya, Ukrayna kimi çempionatı böyük olan ölkələrə lazımdır", - deyə Musayev vurğulayıb.

Trend News-un arayışı: Yeni yaradılan PFL-in prezidenti "Neftçi"nin keçmiş vitse-prezidenti Ramin Musayevdir. Fuad Musayevin AFFA-ya rəhbərlik etdiyi dövrdə prezidenti Zakir Tağıyev olan PFL fəaliyyət göstərib. Amma bu təşkilatın fəaliyyət dövrü çox az olub və nəticədə çempionatın keçirilməsində heç bir rolu olmayıb.

AFFA-nın keçmiş prezidenti deyib ki, Premyer-Liqada çıxış edən klubların sayının azaldılması ideyası ona məxsusdur: "AFFA-nın hazırkı rəhbərliyinin ən düzgün addımı Premyer-Liqada iştirak edən klubların sayını azaltmaq ideyasıdır. Əslində, bunu o vaxt mən həyata keçirmək istəyirdim. Bizim plana görə, klubların sayı hər mövsüm keçdikcə azaldılmalı idi. Amma AFFA-nın prezidenti vəzifəsindən getdiyim üçün bunu həyata keçirə bilmədik. Hesab edirəm ki, Premyer-Liqada çıxış edən klubların sayının 12 olması Azərbaycan futboluna xeyir verəcək".

Hazırda Azərbaycan Premyer-Liqasında iştirak edən klubların sayı 14-dür. 2009-2010-cu il mövsümündən etibarən klubların sayının 12-yə endirilməsi nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti