...

Azərbaycanın müxalifyönlü qəzetinin həbsdə olan əməkdaşının cəza çəkdiyi müəssisə dəyişdiriləcək

Cəmiyyət Materials 28 Avqust 2008 14:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 avqust / Trend , müxbir K.Zərbalıyeva/ Narkotiklərin qanunsuz dövriyyəsində günahlandırılan "Azadlıq" qəzetinin həbsdə olan əməkdaşı Mirzə Sakitin cəza çəkdiyi müəssisə dəyişdiriləcək.

Bu barədə Trend -a Sakitin cəza çəkdiyi 14 saylı müəssisədə cümə axşamı monitorinq keçirən Ədliyyə Naziri yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Çingiz Qənizadə məlumat verib.

Qənizadə bildirib ki, o və Komitənin bir neçə üzvü bu gün 12, 13 və 14 saylı müəssisələrdə monitorinq keçirib, məhkumların saxlanma şəraiti ilə tanış olub, bir qism məhkumla təkbətək görüşüblər.

Hüquq müdafiəçisi Sakitlə görüş zamanı bir neçə gün öncə jurnalistin həyatına sui-qəsd hazırlanması barədə yayılan məlumatlara aydınlıq gətiriblər.

Komitə üzvünün sözlərinə görə, Sakitlə eyni müəssisədə cəza çəkən məhkumla yanlışlıq üzündən insident yaranıb. Həmin insident Sakitin həyatı üçün təhlükə ilə nəticələnməsin deyə məhkum "karsa"a salınıb və yaxın günlərdə o, başqa müəssisəyə köçürüləcək.

Bir müddət öncə jurnalistin vəkili Əlayif Həsənov Sakitlə görüşdən sonra hüquqlarını müdafiə etdiyi şəxsin həyatı üçün müəssisə rəhbərliyi tərəfindən təhlükə yarandığını bildirmişdi.

Vəkilin sözlərinə görə, bu gün Sakitlə görüşdə jurnalist deyib ki, cəza çəkdiyi 14 saylı müəssisənin rəisi  Ərşad Hüseynov məhkumlardan birinə onu öldürtməyi sifariş edib. "Hətta bunun üçün məhkuma qayçı da verib", - deyə vəkil vurğulamışdı..

Həsənov bildirib ki, Sakitin həyatı və sağlamlığı üçün ciddi təhlükə var və bunun başında müəssisənin rəisi dayanır.

"Sakiti öldürmək tapşırığını alan məhkum bir neçə məhkumun yanında bunu etiraf edib. Bundan sonra müəssisə rəhbərliyi onu karsa saldırıb", - deyə vəkil bildirmişdi.

Qənizadə Sakitin başqa müəssisəyə köçürülməsi üçün sənədlərinin hazırlandığını deyib və qeyd edib ki, bu gün İctimai Komitənin toplantısında Ədliyyə Nazirliyinun rəhbərliyindən bu prosesin sürətləndirilməsini xahiş edəcəklər.

Qənizadənin sözlərinə görə, Sakit hesab edir ki, onun cəza çəkdiyi müəssisə dəyişdiriləndən sonra onunla bağlı yaranmış söz-söhbət qapanacaq.

Sakit 2006-cı ildə narkotiklərin qanunsuz dövriyyəsində günahlandırılaraq məhkəmənin hökmü ilə 3 il azadlıqdan məhrum edilib.

Apellyasiya və Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

Komitə üzvləri həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov, onun bacısı oğlu Alim Namazov və "Gündəlik Azərbaycan" qəzetinin baş redaktoru Eynulla Fətullayevlə də görüşüblər.

Həmin şəxslər saxlanma şəraitindən şikayətləri olmadıqlarını deyiblər.

Мüəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti