...

Avropa Məhkəməsinin qərarları Azərbaycan dilində nəşr olunacaq

Cəmiyyət Materials 4 Sentyabr 2008 15:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 sentyabr / Trend , müxbir K.Zərbalıyeva/ İnsan Haqları üzrə Avropa Məhkəməsinin qərarları Azərbaycan dilində nəşr olunacaq.

Avropa Məhkəməsinin president hüququnun öyrənilməsi məqsədilə nəşr olunan İnsan Haqları üzrə Avropa Məhkəməsinin Bülletenində bu məhkəmənin qəbul etdiyi qərarlar yer alacaq.

Avropa Məhkəməsinin Bülleteninin cümə axşamı AŞ-nin Bakı ofisində təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən AŞ Baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Veronika Kotek bildirib ki, rübdə bir dəfə nəşr olunacaq bülletenin artıq 2 nömrəsi çapdan çıxıb və sonuncu nömrəyə Avropa Məhkəməsi tərəfindən son vaxtlar qəbul olunmuş 23 qərar daxil edilib.

Bülleten Avropa Şurasının Bakı ofisinin, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının Avrasiya Hüquqşünaslar Assosiasiyasının və Bakı Hüquq Mərkəzinin birgə təşəbbüsü ilə hazırlanıb.

1000 tirajla çap olunan bülleten ölkənin hüquq ictimaiyyətinə pulsuz paylanacaq.

Millət vəkili, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri Əli Hüseynov bildirib ki, Avropa Məhkəməsinin qərarları indiyədək Azərbaycan dilində qeyri-peşəkar şəkildə nəşr olunub.

Hüseynov deyib ki, qərarların daha peşəkar səviyyədə dərcinə ehtiyac olduğu üçün Avropa Məhkəməsinin Bülleteninin nəşr olunması zərurəti yaranıb.

Azərbaycanın Avropa Məhkəməsindəki səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov gələn ildən bülletendə yeni komunikasiya edilmiş işlər barədə məlumatların, Azərbaycanın həmin işlərlə bağlı mövqeyinin, qərarların icrası ilə bağlı AŞ-nin Nazirlər Kabinetinə hökumətin təqdim etdiyi hesabatların dərc ediləcəyini deyib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti