...

Əsas məqsədimiz işin səmərəliliyinin daha da artırılmasıdır - Baş İdarənin rəisi

Cəmiyyət Materials 8 Oktyabr 2008 17:00 (UTC +04:00)
Əsas məqsədimiz işin səmərəliliyinin daha da artırılmasıdır - Baş İdarənin rəisi

Azərbaycan, Bakı, 08 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi, baş məhkəmə məmuru Xanlar Zeynalovun Trend -a müsahibəsi

- Xanlar  müəllim, demokratiya və hüquqi dövlət quruculuğu yolunu tutmuş müstəqil respublikamız üçün məhkəmə qərarlarının vaxtında icra olunması çox vacib və əhəmiyyətli məsələlərdən biridir. Bu baxımdan, işin səmərəliliyinin artırılması məqsədilə rəhbərlik etdiyiniz qurum tərəfindən hansı tədbirlər həyata keçirilir ?

- Ədalət mühakiməsinin səmərəli olmasında müvafiq yeri olan məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidmətinin  əsas vəzifələri məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin etmək, onların qərarlarının, cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların, habelə digər aidiyyəti orqanların aktlarının icrasını həyata keçirməkdir.

2001-ci ildə yaradılan bu xidmətin normal fəaliyyəti üçün qısa müddətdə bütün zəruri tədbirlər görülmüş və onun fəaliyyətinin günün tələbləri səviyyəsində olması məqsədilə tədbirlər davam etdirilir.

Ümummilli lider Heydər Əliyevin yaratdığı müasir hüquq sisteminin qarşıya qoyduğu vəzifələr Ədliyyə Nazirliyi Kollegiyasının iclaslarında mütəmadi olaraq müzakirə edilir.

Nazirliyin Kollegiyasının qərarlarına əsasən, hər il birinci yarımillikdə və il ərzində görülən işlər təhlil olunur və bu təhlillərin nəticələri, eləcə də qarşıda duran vəzifələr kollektivlərdə müzakirə edilərək icrası həyata keçirilir. Bu ilin iyul ayında Məhkəmə İcraçıları Baş İdarəsi rəhbərliyinin iştirakı ilə regionlarda bütün aidiyyəti tabe qurumlar əhatə olunmaqla, birinci yarımildə görülmüş işlərin nəticələrinə və qarşıda duran əsas vəzifələrin müzakirəsinə həsr olunmuş zona müşavirələri keçirilmişdir. Bu tədbirlər zamanı mövcud vəziyyət geniş müzakirə olunmuş, nazirliyin rəhbərliyinin xidmətin fəaliyyətinin qanunçuluq, şəffaflıq və aşkarlıq prinsipi əsasında qurulması, vətəndaşların müraciətlərinə xüsusi diqqət və qayğı ilə yanaşılması tələbi bir daha bütün işçilərin nəzərinə çatdırılmışdır.

Təhlil göstərir ki, məhkəmə qərarlarının icrası sahəsində həyata keçirilən tədbirlər nəticəsində işin səmərəliliyi getdikcə daha da artır. Məhkəmə və digər orqanların mülki, iqtisadi və inzibati işlərə dair qərarlarının icrası ilə bağlı icra tədbirləri görülüb başa çatdırılmış icra sənədlərinin sayı 2008-ci ilin birinci yarımilində 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2 dəfədən çox olmuşdur. 

2007-ci ildə fiziki və hüquqi şəxslərə 15,3 milyon manat, 2008-ci ilin birinci yarımilində isə, 9,2 milyon manat vəsaitin ödənilməsi təmin edilmişdir. Məhkəmə qərarlarına əsasən, borcluların 2007-ci il ərzində 1,0 milyon manat, 2008-ci ilin ötən dövründə də 1,0 milyon manat dəyərində əmlakları məhkəmə icraçılarının sifarişlərinə əsasən açıq hərrac yolu ilə satılaraq tələbkarlara müvafiq ödəmələr aparılmışdır.

Məhkəmə icraçıları tərəfindən 2007-ci ildə 12770, 2008-ci ilin birinci yarımilində isə, 3426 şəxs barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalarının icrası həyata keçirilib başa çatdırılmışdır. Bu növ cəzalarının icrası ilə bağlı 2007 - ci ildə 500,0 min, 2008 - ci ilin birinci yarımilində isə, 370,0 min manatın dövlət büdcəsinə ödətdirilməsi təmin edilmişdir.

Xidmətimizinn əsas vəzifələrindən biri də məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasını təmin etməkdən ibarətdir. Bu vəzifələri yerinə yetirən məhkəmə nəzarətçiləri, eyni zamanda, məhəkəmələrdə baxılan cinayət işləri üzrə bütün, mülki işlər üzrə bir çox məhkəmə iclaslarında iştirak edərək müvafiq qaydaları təmin etmiş, məhkəmənin fəaliyyəti ilə əlaqədar hakimlərin sərəncamlarını icra etmiş, məhkəmə çağırışı, habelə məhkəmə qərarının icrası ilə əlaqədar məhkəməyə gəlməkdən imtina edən şəxslərin məcburi qaydada gətirilməsini həyata keçirmiş, 2007-ci ildə 52, 2008-ci ilin birinci yarımilində 22 cinayət və ya inzibati xəta törətmiş şəxsin polis orqanlarına təhvil verilməsini təmin etmişlər. 

Nazirliyin rəhbərliyi tərəfindən xidmətimizin işinin günün tələbləri səviyyəsində qurulması, iş üsul və vasitələrinin təkmilləşdirilməsi üzrə mütəmadi tədbirlər görülür. Bu tədbirlər çərçivəsində xidmətin maddi texniki bazası xeyli yaxşılaşdırılmış, o cümlədən tabe qurumlarımızın hamısı müasir kompüter, printer dəstləri və digər zəruri texnika və inventarla təmin edilmiş, fəaliyyətində fərqləqən bir sıra rayon qurumları yeni xidməti minik maşınları ilə təmin olunmuşdur.

-Vətəndaşların şikayətlərinə səbəb olan halların aradan qaldırılması istiqamətində hansı işlər görülür?

- Ədliyyə naziri cənab Fikrət Məmmədovun tapşırığına əsasən, ötən ilin ikinci yarımilində Məhkəmə İcraçıları Baş İdarəsi tərəfindən məhkəmə qərarlarının icrası ilə bağlı işin vəziyyəti, Nazirliyə daxil olan müraciətlər geniş təhlil olunmuşdur. Həmçinin, icrası yubanan icra sənədlərinin dəqiq siyahısı hazırlanaraq onlar üzrə qanunamüvafiq tədbirlərin görülüb başa çatdırılması nəzarətə götürülmüş, o cümlədən Nazirliyin rəhbərliyi tərəfindən borclu tərəf olan bəzi yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə müraciətlər göndərilmişdir.

Təhlil göstərir ki, məhkəmə qərarlarının icrası ilə bağlı vətəndaşlardan Nazirliyiə daxil olan müraciətlərin sayı 2006-cı illə müqayisədə 2007-ci ildə 10 faiz, 2007-ci ilin birinci yarımili ilə müqayisədə, 2008-ci ilin birinci yarımilində 8 faiz, Nazirliyin mərkəzi aparatına qəbula gələn şikayətçilərin sayı isə, müvafiq olaraq, 2 dəfə və 23 faizdən çox azalmışdır.

Apardığımız təhlil həmçinin göstərmişdir ki, Nazirliyə daxil olan şikayətlərin əksəriyyətinin səbəbi vətəndaşların mübahisələri ilə bağlı öz hüquq və vəzifələrini tənzimləyən qanunvericiliyin tələblərini yaxşı bilməməsidir. Hər bir müraciətə verilən cavablarda onların müəlliflərinə hüquqları da izah olunur. Bununla belə, qeyd olunmalıdır ki, tərəflərin məhkəmələrə verdikləri şikayətləri üzrə 2007-ci ildə məhkəmə icraçılarının qəbul etdiyi on minlərlə qərardan cəmi 20-si ləğv edilmişdir.

Nazirlikdə mətbuatla işə xüsusi diqqət və əhəmiyyət verilir, o cümlədən görülən işlər barədə ictimaiyyət də vaxtaşırı məlumatlandırılır. Ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı mətbuatda dərc olunan hər bir məlumatın Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi vasitəsi ilə dərhal aidiyyəti xidmət rəhbərlərinə çatdırılması və bu məlumatların hər birinə baxılıb tədbir görülməsi barədə ədliyyə naziri cənab Fikrət Məmmədovun tapşırığına Nazirlikdə ciddi əməl olunur.

Məsələn, yaxın günlərdə mətbuatda İnsan Hüquqları üzrə İctimai Şuranın Birgə İşçi Qrupunun "Qaynar Xətt" xidməti adlı qurumunun bir məlumatında bu xidmətə daxil olan şikayətlərin 72 %-nin məhkəmə qərarlarının icrası ilə bağlı olduğu barədə ictimaiyyətə verilmiş məlumatla əlaqədar, dərhal həmin xidmətə müraciət etdik. Məlum oldu ki, onlara daxil olmuş şikayətlərdən cəmi 5-i məhkəmə qərarlarının icrasına aiddir. Müəyyən etdik ki, onlardan birində göstərilən mülki işə dair icra sənədi məlumat dərc olunan dövrdə icraatda olmamışdır. Bu şikayətlərdə bəhs olunan icra sənədləri üzrə müvafiq tədbirlərin görülüb başa çatdırılması tərəfimizdən nəzarətə götürülmüş və onların hər biri haqqında müvafiq cavabların verilməsi təmin olunacaqdır.

Yeri gəlmişkən, qeyd edim ki, 2008-ci ilin ötən dövründə vəzifələrinin icrası, o cümlədən  vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar nöqsanlara yol verən 6 işçi intizam məsuliyyətinə cəlb olunmuş, onlardan 3-ü ədliyyə orqanlarından xaric edilmişdir.

   - Məhkəmə qərarlarının icrasına, o cümlədən əcnəbilər və xarici hüquqi şəxslərlə bağlı məhkəmə qərarlarının icrasına maneçilik törədən hallar varmı?

- Qəbul edilmiş qanunvericilik aktları, eləcə də ədliyyə naziri tərəfindən təsdiq olunmuş normativ sənədlər üzərimizə düşən vəzifələrin icrasına tam imkan verir. Bu baxımdan, tərəflərin kimliyindən asılı olmayaraq, qanuni qüvvəyə minmiş və icraya yönəlmiş məhkəmə qərarları üzrə qanunvericiliklə nəzərdə tutulmuş icra tədbirlərinin həyata keçirilib başa çatdırılmasına heç bir maneçilik yoxdur.

Azərbaycanda yaşayan və ya fəaliyyət göstərən xarici ölkə vətəndaşları və ya hüquqi şəxslərinin, istər borclu, istərsə də  tələbkar olduğu məhkəmə qərarlarının icrası zamanı qanunvericiliyimizin tələblərinin izahına xüsusi diqqət verilir və belə qərarların icrası ilə bağlı qanunvericiliyin tətbiqində hər hansı çətinlik olmur. Məsələn, yaxın günlərdə bir Azərbaycan Respublikası vətəndaşının Fransa Respublikasının Bakıda fəaliyyət göstərən ştrkətinə işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə Yasamal rayon məhkəməsinin qərarının icrası təmin edilmişdir.

   -Məhkəmə qərarlarının icrasından qərəzli şəkildə yayınan şəxslərin məsuliyyətə cəlb olunması məsələsinin tənzimlənməsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin qərarı fəaliyyətinizdə hansı dəyişikliklərə səbəb olub?

- Bu il aprelin 20-dən qüvvəyə minmiş Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli Qərarı ilə, məhkəmə qərarlarının icrasından qərəzli şəkildə yayınan şəxslərin məsuliyyətə cəlb olunması sahəsində qanunvericilikdə olan ziddiyyələr aradan qaldırılmışdır. Artıq məhkəmə icraçıları belə şəxslərin qanunazidd əməlləri ilə bağlı ibtidai araşdırmanı aparan orqana məhkəmə və prokurorluq vasitəsi ilə deyil, birbaşa müraciət edirlər. Konstitusiya Məhkəməsinin göstərilən Qərarı ilə bağlı tədbirlər haqqında ədliyyə naziri xüsusi əmr imzalamış və onun icrası rəhbərlik tərəfindən nəzarətə götürülmüşdür. Ötən dövrdə məhkəmə qərarının icrasından yayınan 20 şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün məhkəmə icraçılarının təqdimatları, yeni qaydalara uyğun olaraq, birbaşa Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir.

Ümumiyyətlə isə, məhkəmə qərarlarının icrasından qərəzli şəkildə boyun qaçıran şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı qanunvericiliyin tələblərinin düzgün icrası daim diqqət mərkəzində saxlanılır. Qeyd olunmalıdır ki, məhkəmə icraçılarının təqdimatlarına əsasən, 2007-ci ildə 500-dən, 2008-ci ilin birinci yarımilində 300-dən çox şəxs məhkəmələr tərəfindən inzibati məsuliyyətə cəlb edilmiş, həmçinin, cinayət işinin başlanılması haqqında məhkəmə icraçılarının təqdimatlarına əsasən, məhkəmələr 2007-ci ildə 200-dək, cari ilin birinci yarımilində 50-dək şəxs barəsində xüsusi qərardad çıxarmış və buna uyğun olaraq, prokurorluq tərəfindən cinayət işləri başlanılaraq ibtidai araşdırmanın aparılması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir.

 -Məhkəmə qərarlarının icrası işini tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində hansı tədbirlər görülür?

- Xidmətin fəaliyyətinin daha da təkmilləşdirilməsi və işinin keyfiyyətinin artırılması, mövcud çatışmazlıqların aradan qaldırılması, işçilərinin məsuliyyət hissinin artırılması, fəaliyyət istiqamətləri üzrə əhalinin hüquqi maarifləndirməsi işinin yaxşılaşdırılması və vətəndaşların haqlı şikayətlərinə şərait yaradan halların bütünlüklə aradan qaldırılması barədə Nazirliyin rəhbərliyinin qəti tapşırıqlarının icrası üçün tədbirlərimiz davam etdirilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin 2007-ci il 28 iyul tarixli Sərəncamı ilə təsdiq olunmuş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı"na və bununla əlaqədar Ədliyyə Nazirliyi Kollegiyasının qərarına əsasən, beynəlxalq təcrübə də öyrənilməklə, məhkəmə qərarlarının icrası ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklərin layihəsi üzrə iş hazırda başa çatmaqdadır. Cənab Prezident tərəfindən ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində verilmiş tapşırıqların icrası məhkəmə qərarlarının icrası işinin keyfiyyətini daha da artıracaq və işimizin müasir tələblərə uyğun təşkilinə tam imkan verəcəkdir.

Мəqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti