...

Azərbaycanın müxalifyönlü qəzetindən Avropa Məhkəməsinə şikayət göndərilib

Cəmiyyət Materials 16 Oktyabr 2008 13:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ "Azadlıq" qəzetinin vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə daha bir şikayət göndərib. Media Hüququ İnstitutundan verilən məlumata görə, müdafiəçilər Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı Şahin Sultanovun iddiası əsasında ölkədaxili məhkəmə instansiyalarının "Azadlığ"a qarşı çıxardığı qərarları hüquqa zidd hesab edir.

Vəkillər hesab edir ki, ölkə məhkəmələri bu iş üzrə qərarlar verərkən "Azadlıq" qəzetinin, qəzetin baş redaktoru Qənimət Zahidin Avropa Konvensiyasında təsbit olunmuş ifadə azadlığına (Maddə 10) və ədalətli məhkəmə araşdırması hüququna (Maddə 6) müdaxilə ediblər. Avropa Məhkəməsindən ərizəçilərin Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi ilə verilən ifadə azadlığı, 6-cı maddəsi ilə verilən ədalətli mühakimə hüquqlarının pozuntusunun tanınması, onların işlə bağlı çəkdiyi xərclərin və zərərlərin əvəzinin, habelə ərizəçilərə dəymiş mənəvi zərərin ədalətli əvəzinin ödənilməsinin təmin olunması xahiş edilir.

Sultanov 2006-cı ilin mayında "Azadlıq" qəzetində dərc olunmuş "Kontr-admiralın konturları" adlı məqalədə şərəf və ləyaqətinin, habelə hərbi qüvvələrin işgüzar nüfuzunun aşağılandığını iddia edərək Səbail rayon məhkəməsinə şikayət edib. Qəzetin sonrakı nömrələrində hərbi dəniz qüvvələrində korrupsiya hallarının baş verməsindən bəhs olunan yazıya Dəniz Qüvvələri Komandanlığının etirazı dərc olunsa da, Sultanov iddiasından geri çəkilməyib, yazı müəllifi və qəzet redaksiyasının 100 min manat cərimələnməsini, müəllifə cinayət işi açılmasını tələb edib.

Səbail rayon məhkəməsi Sultanovun iddiasını qismən təmin edən qərar çıxarıb. Həmin qərarla "Azadlıq" qəzeti və məqalə müəllifinin üzərinə ümumilikdə 1165 manat təzminat və habelə təkzib vermək vəzifəsi qoyulub.

Apellyasiya instansiyasında cərimənin məbləği azaldılsa da, qətnamə qüvvədə saxlanılıb.

Ali Məhkəmə isə kassasiya şikayətini rədd edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti