...

Futbol üzrə Azərbaycan yığmasının almaniyalı baş məşqçisi Bəhreynlə oyundan razı qalıb

Cəmiyyət Materials 16 Oktyabr 2008 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts Bəhreynlə yoldaşlıq oyunundan razı qalıb.

"Komandamız bir müddət əvvəl Finlandiyaya məğlub olsa da, qısa müddətdə qüvvəsini səfərbər edə bildi və Bəhreyn millisinə qalib gəldi. Ümumiyyətlə, futbolçulardan razıyam və bir daha bildirirəm ki, Azərbaycanın çox yaxşı yığma komandası olacaq", - Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) saytına müsahibəsində Foqts deyib.

Azərbaycan yığması oktyabrın 15 - də səfərdə Bəhreynlə keçirdiyi oyunda 2:1 hesabı ilə qələbə qazanıb.

Baş məşqçi bildirib ki, o, gələcəkdə də gənc futbolçuların Azərbaycan yığmasında çıxış etməsinə şərait yaradacaq.

"Futbolun inkişafı üçün gənclərə imkan verilməlidir. Araz Abdullayev və Emin Cəfərquliyev yığma komandaya dəvət olunan sonuncu gənc futbolçular olmayacaq", - deyə Foqts əlavə edib.

Foqts Azərbaycan millisinin baş məşqçisi təyin olunandan sonra komandaya dörd gənc futbolçunu - Elvin Məmmədov, Cavid Hüseynov, Araz Abdullayev və Emin Cəfərquliyevi dəvət edib.

Azərbaycan yığması almaniyalı baş məşqçinin rəhbərliyi altında səkkiz oyun keçirib. Yığma komanda bu oyunlardan dördündə məğlub olub, ikisində qələbə qazanıb, ikisində heç-heçə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti