...

Azərbaycanın Biləsuvar rayonunda müasir sutəmizləyici qurğu istifadəyə verilib

Cəmiyyət Materials 21 Oktyabr 2008 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir C.Babayeva/ Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bu gün Biləsuvar rayonunun Əliabad kəndində (paytaxt Bakıdan 130 kilometr cənubda ) müasir sutəmizləyici qurğunun açılış mərasimində iştirak edib.

Nazirin bildirdiyinə görə, istifadəyə verilmiş sutəmizləyici qurğu "Hyundai" şirkətinin istehsalıdır və ən müasir "osmos" texnologiyası əsasında hazırlanıb.

"Əliabad kəndinin 1250 nəfər əhalisi 11 bulaq vasitəsilə gün ərzində 30 m3 su təmizləmə gücünə malik modul tipli qurğuda təmizlənmiş içməli sudan istifadə edəcək", - deyə nazir bildirib.

Trend -un arayışı: Azərbaycan prezidentinin 2007-ci il 20 iyun tarixli "Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" Sərəncamında Kür və Araz çaylarının suyundan içməli su kimi istifadə edən bir sıra yaşayış məntəqələrinin ekoloji cəhətdən təmiz su ilə təmin edilməsi nəzərdə tutulub. Sərəncamın icrası nəticəsində keyfiyyətli su imkanları məhdud olan 100 kənddə modul tipli sutəmizləyici qurğuların quraşdırılması hesabına 166 min kənd əhalisinə verilən suyun Ümumdünya Səhiyyə Təşkilatının normalarına uyğun təmizlənməsi nəzərdə tutulur. Hazırda daha 12 rayonun 50 yaşayış məntəqəsinin keyfiyyətli su ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Prezidentin Sərəncamının icrası istiqamətində 2007-ci ildə Yevlax, Zərdab, Kürdəmir, İmişli, Sabirabad, Saatlı, Salyan və Neftçala rayonlarının içməli sudan əziyyət çəkən 50 yaşayış məntəqəsinin 55 mindən çox əhalisi təmiz içməli su ilə təmin olunub.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti