...

Azərbaycanın Mətbuat Şurası jurnalistlərin Türkiyə-Ermənistan sərhədində etiraz aksiyasına dəstək verib

Cəmiyyət Materials 9 Aprel 2009 15:36 (UTC +04:00)
Azərbaycanın Mətbuat Şurası jurnalistlərin Türkiyə-Ermənistan sərhədində etiraz aksiyasına dəstək verib

Azərbaycan, Bаkı, 09 aprel / Trend , müxbir A.Hüseynbala /  

Azərbaycanın Mətbuat Şurası jurnalistlərin Türkiyənin Ermənistanla sərhəd bölgəsinə səfərə getməsinə dəstək verib.

"Türkiyə-Ermənistan sərhədlərinin açılması ehtimalı olduğu vaxtda bir qrup azərbaycanlı jurnalistin Türkiyəyə getməsi təqdirəlayiqdir", - cümə axşamı Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trend -un arayışı: ANS Şirkətlər Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə aprelin 10-da Azərbaycanın aparıcı KİV rəhbərləri Türkiyənin Qars şəhərinə yola düşəcək.

Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı olaraq, Ankara-İrəvan münasibətlərinin yaxınlaşmasında xüsusi çəkiyə malik olan bu şəhərdən başlanan etiraz aksiyaları Türkiyə-Ermənistan sərhədində sona çatacaq.

Azərbaycan jurnalistlərinin analoji aksiyası 2004-cü ildə də təşkil edilmişdi. Həmin vaxt Azərbaycanın aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələrindən ibarət jurnalist heyətinin Türkiyə-Ermənistan sərhədində "Türk Türkə dəstək!" və "Sərhədlərin açılmasına yox!" şüarları ilə aksiyası keçirilib. İqdır şəhərindən başlayan aksiya Ankarada izdihamlı mitinqlə başa çatıb.

Amaşovun sözlərinə görə, jurnalistlərin Türkiyədəki həmkarları, yerli əhali ilə görüşməsi də çox əhəmiyyətlidir. "Düşünürəm ki, sərhəd bölgəsində yaşayan əhali ilə söhbətlər nəticəsində də Türkiyə-Ermənistan sərhədlərinin açılmasının qarşısını almaq mümkündür. Yerli əhalinin burada keçiriləcək kütləvi aksiyalara cəlb edilməsi də istisna deyil", - Şura sədri əlavə edib.  

Azərbaycanın 60-a qədər aparıcı KİV-nin rəhbəri həftənin əvvəlində Türkiyədəki həmkarlarına Ermənistanla sərhədlərin açılmasına etiraz etmələri ilə bağlı müraciət göndərib.

Trend -un arayışı: Türkiyənin müxtəlif dairələri Ermənistanla sərhədlərin açılacağını bildirirlər.

Ermənistan-Türkiyə əlaqələri 1993-cü ildən kəsilib. Səbəb Ermənistanın beynəlxalq aləmdə qondarma erməni soyqırımı iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparması və Azərbaycanın 20 faiz ərazisini işğal etməsidir. 2008-ci il sentyabrın 6-da futbol üzrə Dünya Çempionatının qrup oyunları çərçivəsində keçirilən Ermənistan-Türkiyə oyununa Ermənistan Prezidenti Serj Sarkisyan Türkiyə Prezidenti Abdullah Gülü Yerevana dəvət edib. Dəvəti qəbul edən Gülün bu səfərindən sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün diplomatik səylər davam etdirilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti