...

Azərbaycanın ali təhsil müəssisəsində yaralanan yeddi nəfərin vəziyyəti stabil ağır olaraq qalır – 1 saylı xəstəxananın cərrahı

Cəmiyyət Materials 1 May 2009 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 may / Trend , müxbir E.İsmayılov /

Dünən 1 saylı Şəhər Kliniki Xəstəxanasına gətirilən yeddi yaralı şəxsin vəziyyəti stabil ağır olaraq qalır, hazırda onlar reanimasiya şöbəsindədirlər. Bu barədə cümə günü xəstəxananın cərrahı Əziz Məmmədov məlumat verib.

"Dünən əsasən başından və boyun nahiyəsindən yaralanan üç nəfər əməliyyat olunub, əməliyyatdan sonra onlar reanimasiya şöbəsinə köçürülüb. Xəstələrin həyatı üçün təhlükə hələ sövuşmayıb, lakin xəstəxananın bütün personalı xəstələrin sağalması üçün əllərindən gələni edirlər", - deyə həkim bildirib.

Dünən naməlum şəxs Azərbaycan Dövlət Neft Akademiyasının ikinci korpusunun binasına daxil olub və atəş açmağa başlayıb. Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə bəyanatına görə, cinayəti 29 yaşlı Gürcüstan vətəndaşı Qədirov Fərda Əsəd oğlu törədib. Hadisə nəticəsində 12 nəfər həlak olub, 13 nəfər isə yaralanıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə (120.2.2), xüsusi amansızlıqla adam öldürmə (120.2.4), iki və ya daha çox şəxsi öldürmə (120.2.7), adam öldürməyə cəhd (29, 120.2.7) və qanunsuz olaraq odlu silah saxlama və gəzdirmə (228.1) maddələri ilə cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı -  [email protected]

Xəbər lenti

Xəbər lenti